Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı keçirilir


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başlayıb.

Konfransdan əvvəl elmi tədqiqat layihələrini müasir və keyfiyyətli elmi cihaz, avadanlıq, qurğu, məmulat, İKT avadanlığı və s. ilə təmin edən bir sıra yerli və xarici şirkətlərin sərgisi təşkil olunub.
 
Eyni zamanda bu məsələyə həsr olunmuş xüsusi sessiya da keçirilib, sərgidə iştirak edən şirkətlərin rəhbərləri öz fəaliyyət istiqamətləri haqqında məlumat veriblər. Bu isə alimlərə öz gələcək tədqiqatlarında seçim imkanı verəcək. Beynəlxalq konfransın məqsədi 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək, monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir. Konfransda dinləniləcək məruzələrin demək olar ki, hamısı Azərbaycan və Belarus alimlərinin həmmüəllifliyi ilə təqdim olunur.
 
Elmin İnkişafı Fondu müsabiqə çərçivəsində alimlərimizi Minsk və digər şəhərlərə elmi ezamiyyətə göndərib, onlara stimullaşdırıcı maaş verib, İKT avadanlığı və elmi cihazlar alıb.
 
 Ümumilikdə bu müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub.
 
 
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev öz açılış nitqində qeyd edib ki, birinci Azərbaycan-Belarus beynəlxalq konfransı iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir:
 
“Belə tədbirlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur. Müxtəlif elm sahələrini əhatə etmək qarşıya məqsəd qoyulduğundan konfransa konkret yox, ümumi ad verilib. Oxşar konfranslar razılıq əsasında Belarusda da baş tuta bilər. Elmin İnkişafı Fondu yarandığı gündən iki ölkənin analoji təşkilatları arasında səmərəli və sıx əməkdaşlıq mövcuddur. Elmin İnkişafı Fondunun fəaliyyətinin təşkilində böyük təcrübəyə malik BRFTF-nin işinin öyrənilməsi praktiki baxımdan çox səmərəli olub”.
 
 
Konfransdan əvvəl BRFTF ilə EİF-in birgə qrant komissiyasının iclası da baş tutub. İclasda 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılıb, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılıb.
Konfransda 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi rəsmi olaraq elan edilib.
 
2-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsi üçün Elmin İnkişafı Fondu öz tərəfindən 500 min manat ayırır. I müsabiqədən fərqli olaraq ikinci müsabiqədə bütün elm sahələri və istiqamətləri əhatə olunacaq. Ekspertiza keçirildikdən və qaliblər elan olunduqdan sonra 2015-ci ilin I yarısında layihələrin maliyyələşdirilməsinə başlanacaq.
 
Konfransda müzakirə olunan çıxışlar müasir dövrün ən prioritet məsələlərindən olan nanoquruluşlara, yeni materiallara, həmçinin atmosfer ekologiyasına, fizikanın digər aktual məsələlərinə həsr olunub. Mədəniyyətlərarası münasibətlərə həsr olunmuş bir çıxış Belarus Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetinin alimlərinin birgə tədqiqat işinin məhsuludur.
 
 
Qeyd edək ki, 2009-cu ildə yaradılmış Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir, müsabiqələrin formatını isə zənginləşdirir. Fond tərəfindən fəaliyyət göstərdiyi 5 il ərzində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb.
 
 
AMEA-dan, təhsil müəssisələrindən, nazirliklərin strukturunda fəaliyyət göstərən elmi tədqiqat institutlarından, QHT-lərdən yüzlərlə alim və mütəxəssis bu qrantlardan bəhrələnib. Nəticədə dünyanın nüfuzlu elmi jurnallarında Elmin İnkişafı Fondunun qrantlarına istinad edilən məqalələrin sayı artır. Fond tədqiqatların modern cihaz təminatına və xaricdə kadr hazırlığına, gənc alimlərə xüsusi diqqət verir. İlin sonunadək Elmin İnkişafı Fondu tərəfindən ən müxtəlif istiqamətlər üzrə daha 5 müsabiqənin elan edilməsi planlaşdırılır.
 
 
 
Həqiqət İSABALAYEVA
 




21/10/14    Çap et