Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda sosial müdafiə sahəsində elektron xidmətlərin tətbiqi mövzusunda beynəlxalq seminar keçirilir


Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar  işə başlayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Dövlət Sosial Müdafiə Fondunun və Beynəlxalq Sosial Təminat Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Bununla yanaşı, seminara Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
 
İki gün davam edəcək beynəlxalq seminarın əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır.
 
Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib, 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. 

Azərbaycan Assosiasiya çərçivəsində yüksəksəviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir.
 
Aynur Vəliyeva
 




22/10/14    Çap et