Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net”ə təqdim edilən 130 layihədən 100-dən çoxu qəbul edilib


Milli İnternet Mükafatı – “Milli Net 2014” yarışmasına saytların və internet layihələrin qəbulu davam edir.

Təşkilat Komitəsindən verilən məlumata görə, cari ildə 14 nominasiya üzrə keçirilən müsabiqədə “Media və informasiya” “Ən yaxşı sosial şəbəkə səhifəsi”, “Bloqlar”, “Xidmət (Servis)” və “Korporativ saytlar” nominasiyalarında rəqabətin daha güclü olacağı gözlənilir.


Xatırladaq ki, bu il ilk dəfə olaraq “Qarabağla bağlı saytlar” və “Elektron hökumət” nominasiyaları da daxil edilib.
 
İndiyədək müsabiqəyə təqdim edilən 130 layihədən 100-dən çoxu qəbul edilib. Müsabiqəyə təqdim edilən, lakin qəbulundan imtina olunan saytlar qeydiyyat başa çatanadək problemləri aradan qaldırmaqla yenidən müraciət edə bilərlər.

Qeydiyyat müddəti 25 noyabr tarixində başa çatır.
 
Milli internet resursların qiymətləndirilməsini həyata keçirəcək Münsiflər Heyətinin tərkibi də tam formalaşdırılıb və AİF tərəfindən təsdiq edilib.
 
İnternet istifadəçiləri qiymətləndirmə prosesində iştirak etmirlər, onlar yalnız müsabiqəyə qəbul edilən saytlara şərhlər yazaraq münasibət bildirə bilərlər.

Saytların qiymətləndirilməsini 3 istiqamət (kontent, dizayn və funksionallıq) üzrə 15 nəfərdən ibarət Münsiflər Heyəti aparacaq. Yekun bal bu 3 istiqamət üzrə toplanan balların cəmi əsasında müəyyən olunur.
 
Qiymətləndirmə 2 mərhələdən ibarət olacaq və noyabrın sonunda başlanacaq. Birinci mərhələ qiymətləndirmə prosesi noyabrın sonunda başlanır və bu mərhələnin yekununda nominantlar müəyyən olunur. Növbəti mərhələdə nominantlar arasından qaliblərin seçilməsi prosesi aparılır. Bu mərhələdə Münsiflərin hər bir nominant üzrə verdikləri qiymət qısa şərhlərlə əsaslandırılır.

Dekabrın sonunda keçirilməsi nəzərdə tutulan təqdimat mərasimində qaliblər elan olunacaq, onlara ənənəvi “MilliNet” Mükafatı və qiymətli hədiyyələr təqdim ediləcək. Təqdimat mərasimindən dərhal sonra qaliblər öz saytlarına verilən qiymətlər və onların əsaslandırılması ilə tanış ola bilərlər.
 
Qeyd edək ki, müsabiqənin qaydaları və seçim meyarları, müsabiqə haqqında daha geniş materiallar “millinet.az” saytında yerləşdirilib.
 
CAHANGİR




22/10/14    Çap et