Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Onlayn Media 2014” çərçivəsində keçiriləcək təlimlərin vaxtı məlum olub


Multimedia Mərkəzi “Onlayn Media 2014” layihəsi çərçivəsində jurnalistlər üçün təlimlərə start verir.
 
Mərkəzdən verilən məlumata görə, təlimlər 27-31 oktyabr tarixlərində, saat 14:00–17:00 arasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində keçiriləcək. Təlimləri hər il olduğu kimi, İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.
 
Təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir.
 
Təlimlərdə müxtəlif media subyektlərində çalışan jurnalistlər, ali məktəblərdə jurnalist ixtisasları üzrə təhsil alan tələbələr – gənc jurnalistlər və bloqçular iştirak edəcəklər. Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
 
Adıçəkilən layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media Müsabiqəsi də hazırda davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixinədək qəbul olunur.
 
Qeyd edək ki, “Onlayn Media 2014” Layihəsi Multimedia Mərkəzi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “Nar Mobile” və “SİNAM” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
 
CAHANGİR






22/10/14    Çap et