Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan yerli icra orqanlarının lazımi informasiya xidmətlərinin və elektron xidmətlərin siyahısı hazırlanır


Azərbaycanda yerli icra orqanlarında informasiya xidmətlərinin və elektron xidmətlərin səviyyəsi qənaətbəxş deyil.
 
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sahədə pilot qaydada seçilmiş bir neçə yerli icra orqanlarında informasiya və elektron xidmətlərin siyahısının hazırlanaraq vətəndaşlara təqdim olunmasına ehtiyac var.
 
“Bu ilin əvvəlinə olan monitorinqlərin nəticəsinə görə, yerli icra orqanlarında onlayn şəffaflıq - informasiya açıqlığı göstəricisi təxminən 15% olub. Qanunvericilikdə nəzərdə tutulan və açıqlanması məcburi olan xeyli sayda informasiya var ki, hələlik yerli icra orqanlarının saytlarında bunları tapmaq mümkün deyil. Bütün yerli icra orqanlarının bəsit və standart formada olan rəsmi saytlarında yalnız onlayn müraciət və bir-iki informativ xidmət tapmaq mümkündür”,- deyə O. Gündüz bildirib.

Ölkə prezidentinin bu ilin sentyabr ayının əvvəlində verdiyi fərmana müvafiq olaraq hazırda yerli icra orqanlarının da göstərdikləri offlayn xidmətlərin siyahısı “ASAN Xidmət” tərəfindən hazırlanır.

“Ümid edirik ki, yaxın vaxtlarda yerli icra orqanlarının da elektron formaya keçirilməli olan xidmətlərinin siyahısı hökumət tərəfindən təsdiqlənəcək” – deyə AİF-in rəhbəri qeyd edib.
 
Aynur Vəliyeva




31/10/14    Çap et