Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel Capital” fondu 16 şirkətə 62 milyon dollar yatırıb



“Intel Capital” vençur fondu 16 şirkətə 62 milyon dollar yatırıb. Bu barədə “Intel Capital”-ın prezidenti və “Intel” korporasiyasının vitse-prezidenti Arvind Sodhani "Intel Capital Global Summit” konfransında deyib.
 
Fond daşınan texnologiyalar, yeni qurğular, mobil və simsiz texnologiyalar, mikroprosessor istehsalı, iritutumlu məlumatlar və “bulud” infrastruktur kimi sahələrlə məşğul olan yeni fəaliyyətə başlamış şirkətləri dəstəkləyib. Həmin şirkətlər arasında, məsələn, 13 yaşlı ABŞ məktəblisi Şubham Banerci tərəfindən təsis edilən "Braigo Labs” da yer alıb. Şirkətin məhsullarından biri – dəyəri 350 dollar təşkil edən “Lego” konstruktoru bazasında gözdən əlil insanlar üçün “Braigo v1.0” Brayl şriftli printeri qeyd etmək olar. Digər şirkətlərin istehsalı olan oxşar qurğuların hazırda qiyməti iki min dollardır.
 
Maliyyələşdirmə əsasən ABŞ, İsrail, Çin və Kanada, eləcə də Tayvanda yerləşən şirkətlərə edilib.
 
Fond ümumi məbləğdən hər şirkətə konkret nə qədər vəsaitin yönəldilməsi barədə məlumat vermir.
 
“Intel Capital” ilin sonunadək kapital qoyuluşlarının 355 milyon dollar təşkil edəcəyini gözləyir.
 
Fond 1991-ci ildən 54 ölkədə 1339 şirkətə 11 milyard dollar investisiya həyata keçirib. Bu müddət ərzində bu şirkətlərin 206-sı birjaya çıxarılıb, 344-ü satılıb və ya birləşmə prosesindən keçib. 2013-cü ilin noyabrına olan vəziyyətə görə, “Intel Capital”ın investisiya portfeli təxminən 1,6 milyard dollar dəyərində qiymətləndirilib. Fondun məlumatında investisiyaların nəticələri barədə məlumat verilmir.
 
2013-cü ildə yatırılan sərmayələrin ümumi həcminin yarısından çoxu Şimali Amerika şirkətlərinə yönəldilib. İnvestisiyaların 5 faizi Rusiya texnoloji layihələrinə, eləcə də Yaxın Şərq, Mərkəzi və Şərqi Avropa şirkətlərinə yatırılıb. Ümumilikdə fondun xarici layihələrdə investisiyaları 49 faiz təşkil edib. 
 
“Intel Capital” ABŞ-ın “Intel” şirkətinin aparat və proqram təminatlarının işlənməsi, veb-servislər, yarımkeçirici komponentlərinin istehsalı kimi müxtəlif  sahələrə vəsaitlər qoyan qlobal investisiya fondudur. Fondun fəaliyyəti təkcə yatırılan vəsaitlərdən gəlirin əldə edilməsinə deyil, həm də “Intel” şirkətinin ekosisteminin dəstəklənməsinə yönəlib, - “Lenta” yazır.
 




05/11/14    Çap et