Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Horizon-2020” çərçivəsində İKT sahəsində tədqiqat və innovasiya üzrə müzakirələr aparılıb


Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində Avropa İttifaqı, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub.
 
 Müzakirələr Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Horizon-2020” üzrə şərq əməkdaşlığına həsr edilmiş “İnformasiya və kommunikasiya texnologiyaları sahəsində tədqiqat və innovasiya” mövzusunda keçirilən tədbirdə aparılıb.
 
Tədbirdə Avropa Komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri İKT təşkilatlarının ekspertləri, təhsil, elmi tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər. Akademiyadan verilən məlumata görə, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev çıxışında bildirib ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Bu əməkdaşlıq həmin ölkələr arasında elmi-texnoloji inkişaf və İKT tədqiqatları sahəsində siyasi dialoqun yaradılmasına təkan verəcək.
 
 
Q.Babayev qeyd edib ki, noyabrın 14-də “East-Horizon” layihəsi çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulub: “Təlimdə iştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin yazılması, Avropa Komissiyasına təqdim edilməsi qaydaları və layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olacaqlar. Təlim çərçivəsində tədqiqatçılara layihələrin AB ekspertləri ilə müzakirə edilməsi, ilkin qiymətləndirilməsi və “Horizon 2020”-nin tələblərinə uyğun olmasına dair məsləhətlər veriləcək”.
 
 
Tədbirdə çıxış edən Avropa Komissiyasının nümayəndələri Vassilis Kapanas, Morten Moller, AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev və başqaları “Horizon 2020” layihəsinin və layihə çərçivəsində həyata keçiriləcək elmi işlərin əhəmiyyətindən danışıblar.
 
 
Həqiqət İSABALAYEVA




13/11/14    Çap et