Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” “Music Key” musiqi xidmətini sınaqdan keçirir


ABŞ-ın “Google” korporasiyasına məxsus “YouTube” videoxidməti sınaq rejimində “Music Key” axın musiqi xidmətini istifadəyə verib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, xidmət ABŞ, həmçinin İspaniya, İtaliya, Finlandiya, Böyük Britaniya və Portuqaliyada məhdud rejimdə işə salınıb. Seçilmiş istifadəçilər “YouTube” administrasiyasından dəvət alıblar və altı ay ərzində ödənişsiz xidməti sınaqdan keçirə bilərlər. Bundan sonra aylıq 8 dollar ödəyərək xidmətdən istifadə edə biləcəklər.

“YouTube”un veb sayt və mobil tətbiqində istifadəçilərə əlçatan xüsusi düyməyə sıxmaqla onlar bir çox məşhur ifaçıların albom və diskoqrafiyasına giriş imkanı əldə edirlər. Bunun üçün şirkət ABŞ-ın aparıcı musiqi leyblləri və yüzlərlə müstəqil leybllər ilə lisenziya razılaşması imzalayıb. “YouTube”un nümayəndəsi Mett MakLernonun sözlərinə görə, kompozisiyalar kitabxanası həcminə görə 30 milyondan çox musiqidən ibarət “Google Play Music” ilə müqayisə edilə bilər.

“YouTube Music Key” aylıq 9,99 dollar abunə haqqı ödəməklə reklamsız yüksək keyfiyyətli musiqi kompozisiyalarını dinləməyə imkan verir. Bundan başqa, istifadəçilər internetsiz rejimdə musiqi dinləmək üçün məzmunu yükləmək imkanına malik olacaqlar. Xidmət tam gücü ilə 2015-ci ildə işə düşəcək.

Emil Hüseynov




14/11/14    Çap et