Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərə kompüter bacarıqları öyrədilib


Cəzaçəkmə müəssisələrindən azad ediləcək  şəxslərə kompüter bacarıqları öyrədilib. Belə ki, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, bu məqsədlə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, bu ilin ötən dövründə penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.
 
ƏƏSMN-dən qeyd edilib ki, kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin bazasında kompüter istifadəçisi, kompüter texnikasının təmiri, eyni zamanda dərzi, dülgər-xarrat, bərbər-manikürçü peşələri üzrə təşkil edilib. Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa vurub.
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 




14/11/14    Çap et