Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində islahatlara davam edir


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində islahatlara davam edir.

Magistratura pilləsinin açılması, istedadlı gənclərin elmə cəlb edilməsi, elmlə təhsilin inteqrasiyası, gənclərin ixtisasartırma kurslarında iştirakı, onlarla müxtəlif sahələrdə işlərin aparılması, gənclərin sosial problemlərinə həssas yanaşılması və ən əsası biliklər cəmiyyəti quruculuğu şəraitində xarici dil bilgilərinə sahib gəncliyin yetişdirilməsi qabaqcıl elmi istiqamətli kadr hazırlığına nail olunmasına xidmət edir.

Bu məqsədlə ilk dəfə olaraq, AMEA rəhbərliyi Rəyasət Heyəti Mərkəzi aparatın Təhsil şöbəsi Xarici dil kafedrasının professor-müəllim heyəti ilə görüşüb. Kafedranın fəaliyyətində müəyyənləşdirilən yeni istiqamətlərdən danışan akademik Akif Əlizadə aparılacaq islahatlarla bağlı tövsiyələrini verib, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, imtahan otaqlarının yeni audio-video avadanlıqlarla təminatı, distant təhsilin yeni əsaslarla təşkilini məqsədəuyğun hesab edib. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti Mərkəzi aparatın Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev və Təhsil şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da tədrisin vəziyyəti ilə tanış olublar.
 
Görüşdə akademik Rasim Əliquliyev kafedranın gələcək fəaliyyəti ilə bağlı dəyərli məsləhətlərini verib, bütün bu proseslərdə İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə mübadilə və əməkdaşlıq şəraitində mütəşəkkil addımlar atılacağını, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və səmərəsinin artırılması üçün qabaqcıl, innovativ layihələr həyata keçiriləcəyini bildirib.
 
İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə ilə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, müəllimlərin ixtisasartırma proqramlarına qoşulması, doktorant və dissertantların sosiallaşmasının dərinləşdirilməsi üçün onlarla interaktiv münasibətlərin qurulması, kafedranın maddi-texniki bazasının gücləndirilməsi, İKT ilə təminatının artırılması, tədrisin maliyyələşdirilmə mexanizmləri və müəllimləri stimullaşdırıcı tədbirlər perspektivdə duran məsələlər kimi müəyyənləşdirilib. Bununla bağlı əlaqədar şəxslərə tapşırıqlar verilib.
 
Görüşdə doktorantura və dissertanturaya minimum imtahan verən əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün imtahan qaydalarından danışılıb, onlarla ödənişli əsaslarla müqavilələrin bağlanmasının təmin edilməsi zəruri hesab olunub.
 
Səmimi keçən görüşün sonunda kafedra əməkdaşları öz təkliflərini səsləndirib, ehtiyacları barədə məlumat veriblər.
 
Qeyd edək ki, gələn həftə İTİ-də informatika fənninin tədrisi prosesi ilə tanış olmaq üçün institutda görüş keçirilməsi planlaşdırılır.
 
HƏQİQƏT




24/11/14    Çap et