Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakutel-2014”-də informatika təhsili üzrə iki qlobal layihə təqdim olunacaq


Azərbaycan ACM Bölməsi "Bakutel-2014" sərgisində informatikanı populyarlaşdıran qlobal "Kod Saatı" təşəbbüsünü və beynəlxalq "Qunduz" müsabiqəsini təqdim edəcək.                                                       
 


Azərbaycan ACM Bölməsi "Bakutel-2014" sərgisində informatikanı populyarlaşdıran qlobal "Kod Saatı" təşəbbüsünü və beynəlxalq "Qunduz" müsabiqəsini təqdim edəcək.
 
 2‑5 dekabr "Bakutel-2014" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Azərbaycan ACM Bölməsi hər kəsi 2038 nömrəli stendə dəvət edir.
 
Sərgi çərçivəsində məktəbli qonaqlara özlərini "Kod Saatı" və "Qunduz" müsabiqəsində sınamaq fürsəti veriləcək. Təhsil işçiləri üçün isə 3 dekabr, saat 11:00-da xarici mütəxəssislərin də iştirakı ilə "İnformatika təhsili - günümüzün çağırışları" mövzusunda açıq panel müzakirəsi keçiriləcək.
 
 
Beynəlxalq "Qunduz" müsabiqəsi ("Bebras" International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən "Qunduz" müsabiqəsi zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir. Başlanğıcı 2004-cü ildə qoyulmuş müsabiqə hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir. Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar: http://www.bebras.org/  
 
 
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev deyir: "Azərbaycanda ilk "Qunduz" müsabiqəsi bu ilin aprel ayında 260-dan çox şagirdin iştirakı ilə İsmayıllı rayonunda keçirildi. Hazırda hədəfimiz daha çox məktəbləri əhatə edərək, Azərbaycanın bütün guşələrindən istedadlı şagirdləri aşkar etməkdir".
 
Bu məqsədlə Azərbaycan ACM Bölməsi Təhsil Nazirliyinin dəstəyi ilə 1-7 dekabr Azərbaycanda ilk "Qunduz" həftəsini təşkil edir. Artıq ölkənin bir neçə bölgəsini, o cümlədən Bakı, Sumqayıt, İsmayıllı və Leriki təmsil edən 70-dən çox məktəb iştirak etmək üçün qeydiyyatdan keçib. Müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər "council@azerbaijan.acm.org" e-poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilər.  "Kod Saatı" təşəbbüsü (Hour of Code) bütün dünyada uşaqdan böyüyə hər kəsi 8-14 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində proqramlaşdırmanın əsaslarını öyrənmək və ya öyrətmək üçün bir saat ayırmağa dəvət edir.
 
Builki "Kod Saatı"nın prezident Obama, Şakira, Əşton Kutçer, Malala və digər məşhurların çəkildiyi Azərbaycan dilində subtitrli təqdimat videosuna buradan baxmaq olar:
 
"Kod Saatı"nda təqdim olunan interaktiv dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar "Angry Birds" və "Plants vs. Zombies" kimi video-oyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Tsukerberqin iştirak etdiyi video-mühazirələrdən kod yazmağı öyrənir.
 
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov deyir: "Ölkəmizin "Kod Saatı"nda iştirakına kömək etmək üçün bu dərslikləri Azərbaycan dilinə tərcümə edirik. Ümid edirik ki, bu il Azərbaycandan təşəbbüsə daha çox şagird və məktəb qoşulacaq".

Ötən il bütün dünyada 15 milyon şagird "Kod Saatı"nda iştirak etdi, builki hədəf isə bu rəqəmi 100 milyona çatdırmaqdır. İştirak etmək üçün kompüter və ya mobil qurğunuzdan ünvanına daxil olub, Azərbaycan dilini seçin. Sonra "şagird" kimi özünüzü "Kod Saatı"nda sınaya, yaxud məktəbinizdə, iş yerinizdə və ya icmanızda planlaşdırdığınız "Kod Saatı" tədbirini "müəllim" kimi qeydiyyatdan keçirə bilərsiniz.
 
Həqiqət İSABALAYEVA




01/12/14    Çap et