Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Glass”ın yeni versiyaları “Intel”in prosessoru ilə təchiz ediləcək


“The Wall Street Journal” qəzeti yazır ki, “Google Glass” smart eynəyinin yeni versiyası “Intel” korporasiyasının prosessoru ilə təchiz ediləcək.
Beləliklə, “Texas Instruments” şirkətinin əvvəlki prosessorunu “Intel” şirkətinin prosessoru əvəz edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 2012-ci ildə çıxarılmış “Glass” eynəyinin köməyi ilə video çəkmək, tərcüməçidən istifadə etmək, mesaj göndərmək və video konfranslar keçirmək olar. Smart eynəyə “Bluetooth” və “Wi-Fi” modulları quraşdırılıb və bu qurğu smartfonların köməyi ilə faylları ötürmək imkanına malikdir.
 
Nəşr yazır ki, “Google” şirkəti ilə əməkdaşlıq “Intel” korporasiyasına daşınan qurğular bazarına çıxmağa imkan verəcək. Bundan başqa, “Intel” hesab edir ki, qurğular səhiyyə, tikinti və istehsal kimi sahələrdə tətbiq ediləcək, çünki adı çəkilən sahələrin əməkdaşları işdə əllərdən istifadə etdiklərinə görə planşetdən istifadə imkanına malik deyillər. Ancaq “Google” hər şeydən əvvəl “Glass” smart eynəyinə kütlə üçün nəzərdə tutulmuş istehlak məhsulu kimi baxır. “WSJ” yazıb ki, qurğu üzərində şirkətin təxminən 300 əməkdaşı işləyir.
 
“Google”, “Intel” və “Texas Instruments” nümayəndələri şərh verməkdən imtina ediblər.
 
Emil Hüseynov
 





01/12/14    Çap et