Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Rəqəmsal Yaddaş” üçün Britaniya Kitabxanasından ödənişli əsaslarla məlumatların əldə olunması müzakirə edilib


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanovanın rəhbərliyi ilə kitabxananın bir qrup əməkdaşı Birləşmiş Krallığa səfər ediblər.
 
 Məqsəd modeli MEK-in sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, onun müsbət və mənfi xüsusiyyətləri ilə tanışlıq, o cümlədən kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli yollarının araşdırılması idi. Səfər zamanı Britaniya Kitabxanasının London və York şəhərlərində yerləşən bölmələrində bir sıra mühüm görüşlər keçirilib. Görüşlərdə sözügedən kitabxanaların kataloq və elektron məlumat bazalarının əlaqələndirilməsi, müxtəlif formatlarda daxil olan informasiyanın qeydiyyata salınması, çap və elektron variantda nüsxələrin əldə edilməsi, kataloqlaşdırma və rəqəmsallaşdırma təcrübəsi, o cümlədən kitabxanaların fəaliyyət istiqamətləri ilə tanışlıq olub.
 
Müasir kitabxana-informasiya xidmətinin təşkili, idarə olunması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. MEK-dən bildirilib ki, nümayəndə heyəti yeni kataloqlaşdırma standartını tam şəkildə təmin edən avadanlıq və proqram, müasir kitabxana idarəetmə texnologiyaları, eləcə də kitabxana strukturu və işçi heyəti üçün peşə standartları ilə tanış olublar.
 
 
Səfər çərçivəsində Britaniya Kitabxanasından “Milli Rəqəmsal Yaddaş” üçün ödənişli əsaslarla məlumatların əldə olunması, əməkdaşlıq şəraitində MEK-dən kitabların Britaniya Kitabxanasına göndərilməsi, ölkəmizdə Qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması, kitabxana işinin müxtəlif sahələrinə dair müzakirələr aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA




09/01/15    Çap et