Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” və “Java” proqramlaşdırmaya dair təqdimat keçirilib


Oracle Akademiyası nümayəndəsi tərəfindən Təhsil Problemləri İnstitutunda (TPİ) “Oracle” və “Java” proqramlaşdırmaya dair  təqdimat keçirilib. Təqdimat mərasimində TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov  respublikamızda XXI əsrin başlanğıcından  Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə olunmaqla yerinə yetirilməsinin prioritet problem hesab olduğunu vurğulayıb:

“Həmin problemlərin  həll olunması üçün yeni pedaqoji araşdırmalara, ən mühüm olanı isə  müasir informasiya kommunikasiya texnologiyalarının köməyindən istifadə etməyə ehtiyac var. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycanın gələcək vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.”
 
 
Daha sonra təqdimatla çıxış edən Oracle Akademiyasının Proqramlarla işin İnkişafı  üzrə nümayəndəsi Sinem Kaya institututun direktoru  Qulu Novruzova  rəhbərlik etdiyi institutda təşkil olunmuş  görüşə görə təşəkkürünü bildirib və görüş iştirakçılarına Oracle Akademiya barədə ümumi məlumat verib. Çıxışında Türkiyədə mövcud olan Oracle Akademiya saytındakı  kurslardan keçən müəllimlər və İT mütəxəssilərin fəaliyyətində olan dönüşlərindən danışıb:
 
“Hazırda xarici ölkələrlə yanaşı, Azərbaycandan da artıq bu saytdakı kurslardan keçmiş və beynəlxalq dərəcəli sertifikat əldə etmiş nümayəndələri var. Oracle verilənlər bazası bir əlaqəli verilənlər bazası idarəetmə sistemidir”. S.Kaya “Java” və “Oracle” proqramlaşdırmanın üstünlüklərindən də söhbət açıb. Verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq, dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə olunan bir dil  - SQL (Strukturlaşdırılmış Sorğu Dili) barəsində də danışıb. Oracle akademiyasının tədris yönümlü tərəflərini açıqlayan Sinem Kaya məktəblilər üçün Alise və Greenfoot proqramı barəsində də məlumat verib. Java ilə obyekt yönlü proqramlaşdırmanın əsaslarının əhəmiyyətindən bəhs edərkən müasir tələblərə cavab verə biləcək müəllimlərin hazırlığına da xüsusi diqqət yetirdiklərini və ayrıca müəllimlərə həmin  proqrama dair kursların keçirildiyini bildirib. Bu kurslara Azərbaycanın ali təhsil müəssisələrində çalışanların da qatıldığını vurğulayıb.
 
Təhsil Nazirliyinin nümayəndəsi , Təhsil Problemləri İnstitutunun direktor müavinləri, şöbə müdirləri,  institutun əməkdaşları, orta məktəb direktorları, informatika müəllimləri, İT mütəxəssislərinin iştirakı ilə keçirilən təqdimatın sonunda geniş müzakirələr aparılıb. İştirakçılardan bəziləri orta məktəblərdə İnformatika fənninin tədrisində keçirilən proqramlaşdırma dili mövzusunda “Oracle” və “Java” proqramlaşdırma dilinin də əlavə edilməsi məsələsinə baxılması təklifini bildiriblər.
 
Eyni zamanda İnformatika fənn kurikulumu üzrə işçi qrupunun üzvləri mövcud informatika fənn kurikulumuna bir daha nəzər yetirmələrini və  gələcəkdə  məzmuna dair ediləcək əlavə və dəyişikliklərlə bağlı müzakirələri davam etdiriblər.
 
 
 
Həqiqət İSABALAYEVA




14/01/15    Çap et