Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanadada istifadəçinin icazəsi olmadan proqram təminatının avtomatik quraşdırılması qadağan olunub


15 yanvar 2015-ci ildən Kanadada istifadəçinin icazəsi olmadan internet saytından proqram təminatının avtomatik quraşdırılması rəsmən qadağan edilib. Smartfon və ya planşetlərdə də proqram təminatının yenilənməsinin quraşdırılması üçün istifadəçinin icazəsi tələb olunur.
 
Bu, Kanadada qüvvəyə minən antispam qanuna edilən əlavələrdə nəzərdə tutulur. Qanunun yeni redaksiyasında deyilir ki, proqram təminatı başqasının kompüterinə quraşdırılan zaman şirkət istifadəçidən icazə almalıdır.
 
Sənəddə həmçinin boşluqları aradan qaldıran yenilənmə paketi, əməliyyat sisteminin “cookie”ləri,  "HTML” və “Javascript” obyektləri üçün bir sıra istisnalar nəzərdə tutulub.
 
Şirkətlər həmçinin proqram təminatı fərdi məlumatlar topladıqda, kompüterin normal işinə təsir göstərdikdə, funksiyaları və ya kompüter məlumatlarını dəyişdirdikdə, istifadəçi kontentinə üçüncü şəxsin daxil olmasına imkan verdikdə istifadəçilərə bu barədə məlumat verməlidirlər.
 
Qanunu pozanları 10 milyon dollaradək cərimə gözləyir.
 
Birinci hissəsi 1 iyul 2014-cü ildə qüvvəyə minən antispam qanunu istifadəçidən ona elektron poçt, sosial şəbəkə və ya çatlar vasitəsilə bildirişlərin göndərilməsi üçün icazənin alınmasını nəzərdə tutur. Bu halda bütün bildirişlərdə göndərənin ünvanı aydın göstərilməli və abunəni ləğvetmə imkanı yer almalıdır, - "IT Expert yazır.




19/01/15    Çap et