Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Genişzolaqlı Rəqəmsal İnkişaf


Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya hökumətləri genişzolaqlı çıxışın inkişaf strategiyasını hazırlamağa çağırır
Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya dünyanın bütün ölkələrinin hökumətlərini təcili surətdə internetə genişzolaqlı çıxış üzrə çoxsahəli inkişaf planları hazırlamağa və reallaşdırmağa çağırır. Bu, iyunun 5-6-da komissiyanın Parisdə keçirilmiş üçüncü iclasının yekunlarına dair hesabatda qeyd olunmuşdur.
İclasda Komissiyanın üzvü - Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak etmişdir.
“Genişzolaqlı rabitə: tərəqqi üçün platforma” adlı hesabatda qeyd olunmuşdur ki, “cəmiyyətə maksimal fayda əldə etmək üçün, genişzolaqlı rabitənin ümumdövlət səviyyəsində inkişafını əlaqələndirərək, texniki vasitələrə əsaslanan rəqabətin inkişafına kömək etmək və xidmət təchizatçılarını öz servislərini ədalətli bazar şəraiti çərçivəsində təqdim etməyə həvəsləndirən siyasət aparmaq lazımdır. Həyata keçirilən təşəbbüslər sahənin bütün sektorları, hökumət və bütün ölkə səviyyəsində əlaqələndirilməlidir. Təcrid edilmiş layihələrin reallaşdırılması, eləcə də pərakəndə və təkrarlanan şəbəkələrin təşkili effektsiz olmaqla yanaşı, həmçinin müasir dünyada yol infrastrukturu və ya elektrik təminat sistemləri kimi getdikcə daha mühüm rol oynayan infrastrukturun yaradılmasına maneələr törədir”.
Hesabatda iqtisadi artımın inkişaf etdirilməsinin və yeni iş yerlərinin yaradılmasının ən mühüm amillərindən biri kimi genişzolaqlı rabitənin xeyrinə əsaslı dəlillər gətirilir. Sənəddə qeyd olunur ki, veb-səhifələrə sürətli çıxış təqdim etməkdən daha geniş imkanlar yaradan genişzolaqlı şəbəkələr, cansız obyektlərin vasitəsilə insanın müdaxiləsi olmadan bir-birləri ilə rabitə yarada bilmələrini nəzərdə tutan “Əşyaların interneti” konsepsiyasının vacib elementinə çevrilir.
Resursların və nəqliyyat daşımalarının idarə olunması sahəsində artıq əsaslı dəyişikliklər edən bu cür şəbəkələr səhiyyə (elektron səhiyyə proqramları vasitəsilə), təhsil (distant təhsil və müəllimlərin ixtisaslarının artırılması yolu ilə), ətraf mühitin mühafizəsi (“ağıllı elektrik şəbəkələr”, sistemlərin monitorinqi, “ağıllı binalar”-ın köməyi ilə) kimi mühüm ictimai sektorlarda getdikcə daha da əhəmiyyətli rol oynayır.
Komissiya üzvləri bir daha genişzolaqlı qoşulmaların dünyanın ən kasıb cəmiyyətlərinə çatdırılmasının vacibliyini vurğulayaraq, xüsusən də genişzolaqlı internetin qiymətlərinin yüksək qaldığı və əhalisinin on nəfərindən cəmi birinin internet istifadəçisi olduğu Afrikadakı vəziyyətdən narahatlıqlarını bildirmişlər.




08/06/11    Çap et