Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müasir dövrdə internet vasitəsilə informasiya alınması ilə bağlı kitabxana istifadəçiləri üçün treninq keçirilib


Müasir dövrdə internet vasitəsilə informasiya alınması ilə bağlı kitabxana istifadəçiləri üçün treninq keçirilib.

AMEA Polimer Materialları İnstitutunda (PMİ) təşkil edilən treninq RMİ-nin əməkdaşları üçün nəzərdə tutulub. Treninqi Bakı Dövlət Universiteti elmi kitabxanasının beynəlxalq informasiya mübadiləsinin bölmə müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) ölkə üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova aparıb. AMEA-dan bildirilib ki, PMİ-nin direktoru, akademik Akif Əzizov treninqin gənc alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi əhəmiyyətini, AKİK-in beynəlxalq bazalar ilə birgə təşkil edəcəyi təlimlərdə əməkdaşların iştirakının vacibliyini vurğulayıb.
 
C.Yusifova AKİK-in fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Beynəlxalq Kitabxana İnformasiya Konsorsiumunun üzvü olan AKİK kitabxana istifadəçilərinə informasiya əldə etməyə, onların məqalələrinin yüksək reytinqli jurnallarda nəşr olunması və hüquqlarının qorunmasına geniş imkan yaradan təşkilatdır. Bu qurum on ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir.
 
 
Həmçinin beynəlxalq elmi bazaların informasiya resursları, məhsulları, xidmətləri və AKİK-in üzvləri üçün təklif olunan “eiFL.net”-in cari layihələrindən söz açılıb. Təlim iştirakçılarına onlayn axtarış sistemləri, verilənlər bazaları, sərbəst onlayn mənbələrdən axtarış və istifadə qaydaları barədə geniş məlumat verilib, suallar cavablandırılıb.
 
 
Həqiqət İSABALAYEVA




11/02/15    Çap et