Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üzrə elektron xidməti istifadə sayına görə ilk yerdədir


Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 133324 ədəd təşkil edib. Bu göstərici ilə qeyd olunan e-xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında yenə ilk yeri tutub.
 
 Son bir ayda ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 60354 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 10592 ədəd olub. ƏƏSMN-in yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı 204270 ədəddir.
 
Nazirliyin bütün e-xidmətləri üzrə istifadə sayı isə 206969 ədəd olmaqla  “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 277 elektron xidmətə dair ümumi istifadə sayının (704970 ədəd) 29,3 faizini təşkil edib. Nazirlikdən bildirilib ki, ƏƏSMN-in “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətləri ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində əhalinin istifadəsinə verilib. 
 
Həmin sistemin tətbiqi əmək münasibətlərinin elektron müstəvidə qeydiyyatı və şəffaflaşdırılmasına, əmək bazarına, işçi hüquqlarının təminatına dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aşkar olunaraq aradan qaldırılmasına xidmət edir.
 
Əmək müqaviləsi bildirişlərinin bu sistemdə qeydiyyatdan keçirilməsi işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas yaradır.
 
 
Həqiqət İSABALAYEVA




05/03/15    Çap et