Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada mobil internetin universal xidmətlərə daxil edilməsi təklif olunur


Mobil internet Avropa vətəndaşlarına işıq və su kimi lazımdır. Bu barədə yekdil fikir Avropa operatorlarının nümayəndələri tərəfindən martın 2-5-də Barselonada keçirilən “Mobile World Congress 2015” sərgi və konfransında səsləndirilib.
 
Belə ki, İspaniyanın aparıcı “Telefonica” telekommunikasiya şirkətinin nümayəndəsi Sezar Aliert bildirib ki, Avropa operatorları Avropa Komissiyasına müraciət ünvanlayaraq genişzolaqlı mobil internetin universal xidmətlər sırasına daxil edilməsinin zəruriliyini qeyd ediblər. Operatorlar hesab edirlər ki, mobil internet su təchizatı və elektrik enerjisi kimi avropalıları keyfiyyətli həyat tərzi ilə təmin edən minimal səviyyədir.    
 
“Telefonica” nümayəndəsinin fikrincə, mobil internetin universal xidmətə daxil edilməsi mövcud real vəziyyəti qanuniləşdirəcək. Bu gün Avropada internetdən istifadə etməyən insanların faiz göstəricisi cüzidir və mobil internetin “universal” anlayışa daxil edilməsi vətəndaşların bu xidmətdən yararlanmasını qanun çərçivəsinə salacaq. Avropanın bütün ölkələrində su təchizatı, kanalizasiya, elektrik enerjisi, bəzilərində isə hətta əlavə olaraq radio və televiziya yayımı xidmətləri universal xidmətlər sırasına daxildir. Universal xidmətin göstərilməsi gəlirsiz olan zaman dövlət qismən onun maliyyələşməsini öz üzərinə götürür.  

S.Aliertin sözlərinə görə, Avropa Komissiyası tərəfindən müraciətə müsbət cavab veriləcəyi təqdirdə Avropa vətəndaşlarının təxminən 90 faizi onilliyin sonunadək mobil internetə çıxış imkanı əldə edəcək ki, bunun da 80 faizini genişzolaqlı internet istifadəçiləri təşkil edəcək. Bu gün müzakirələr hansı sürətin genişzolaqlı hesab edilməsi ilə bağlı aparılır. Hazırkı mövcud normalara əsasən, bu sürət 4Mbit/saniyədən az olmamalıdır. Öz növbəsində mürəkkəb relyefə malik ölkələrdə bu sürəti təmin etməyin çətin olması hüquqi ziddiyyətlər yaradır.  
 
Şirkət nümayəndəsinin qənaətinə görə, onilliyin sonunadək Avropa vətəndaşlarının təxminən 2 faizinin internetə çıxış imkanı olmayacaq ki, bu da orta təhsilə malik olmayan avropalıların sayına tam uyğundur, - "Mediasat” yazır. 




05/03/15    Çap et