Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropalılar mobil ödənişlərdən həvəslə istifadə edirlər


Proqnozlara görə, 185 milyon Avropa istehlakçısı növbəti 12 ay ərzində ödənişlər etmək üçün mobil əlavələrdən istifadə edəcək.

Bu barədə dünyada 14 min nəfər arasında sorğu keçirən "ING" şirkətinin hesabatında deyilir. Bu gün mobil qurğu (smartfon və ya planşet) sahibi olan avropalıların 33 faizi mobil ödəniş əlavələrdən istifadə edirsə, 2015-ci ildə bu rəqəm 51 faizədək artacaq.
 
Mobil əlavələrdən daha çox Türkiyə və Polşada istifadə olunur. Bu ölkələrdə mobil qurğu sahiblərinin müvafiq olaraq 56 və 43 faizi telefon və ya planşet vasitəsilə ödəniş etməyə üstünlük verir. Niderland dünyanın ən inkişaf etmiş mobil bankçılıq bazarı seçilib. Bu göstərici üzrə ikinci yerdə ABŞ, üçüncüdə Böyük Britaniya qərarlaşıb.  
 
Ümumilikdə rəyi soruşulan avropalıların yarısı bildirib ki, onlar son 12 ayda nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Banknot və qəpiklərdən hamıdan tez Türkiyə, Polşa və İtaliya sakinləri imtina edir.
 
"Nağd pullardan cəmiyyətdə hələ də geniş istifadə olunmasına baxmayaraq mobil ödəniş əlavələri istehlakçılara maliyyə vəsaitlərini idarə etməkdə daha çox sərbəstlik verir. Mobil bankçılıq əlavələrində pul axınının daim görünməsi də istifadəçilərə vəsaitlərini yaxşı idarə etməyə şərait yaradır", - "ING"-in baş iqtisadçısı İen Brayt deyib, - "Payspacemagazine" yazır.




10/04/15    Çap et