Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kolumbiyada əlillər üçün protezlərin hazırlanmasında “3D” printer texnologiyasından istifadə edilir


Kolumbiyalı alim hərbi əməliyyatlar zamanı xəsarət alan uşaqlara kömək məqsədilə “3D” printerdən istifadə etmək qərarına gəlib. Kristian Silva könüllülər qrupu ilə birlikdə ölkədə minlərlə əlili ucuz protezlərlə təmin edəcək texnologiya hazırlayıb.
 
O, layihə sayəsində artıq onlarla kolumbiyalı uşağa sərbəst hərəkət etməyi qaytarmaqda yardımçı olub. Boqota Milli Universitetini mühəndis ixtisası üzrə başa vuran K.Silva bu yaxınlarda yaradılan “3D” laboratoriyasına rəhbərlik etməyə başlayıb.
 
Alim protezlərin hazırlanması üçün xüsusi üçölçülü printerdən istifadə edərək öz işlərini bir hissəsi avtomobillərin yaradılmasında istifadə olunan polimerlər vasitəsilə çap edir. Yeni texnologiyalar sayəsində materiallar möhkəm və elastik alınır ki, bu da itirilən əl-ayağın, demək olar, eyni formada əvəz olunmasını təmin edir. Bundan başqa, protezin qiymətinin 250 min peso (100 dollar) olması hazırlanan texnologiyanın əhəmiyyətini daha da artırır. Bu qiymət ənənəvi olaraq bahalı protezlərin təqdim olunduğu Kolumbiya bazarı üçün unikal hesab edilir.
 
Uşağı protezlə təmin etmək üçün orta hesabla 1-3 ay lazım olur. Səhiyyə Nazirliyinin statistikasına görə, iki milyona yaxın kolumbiyalı bu və ya digər şəkildə protezin qoyulmasına ehtiyac duyur.  
 
Bu problem texnologiya müəllifinin ailəsindən də yan keçməyib. Belə ki, onun on iki yaşlı əmisi oğlu bir neçə il əvvəl əlini itirib. Məhz bu hadisə K.Silvanı əlillər üçün yeni əl-ayaqların yaradılmasına sövq edib, - “TASS” yazır. 




29/04/15    Çap et