Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq dünya azərbaycanlıları milli telekanallarımızı izləyə biləcək


Milli televiziya internet platforması olan “Myvideo.az” internet vasitəsi ilə milli telekanalları izləmək üçün xüsusi “Myvideo Smart Box” cihazını təqdim edəcəkdir.
 
Bu haqda “Myvideo.az”-ın rəhbəri Əli Əliyev məlumat verib.  Onun sözlərinə görə, sözügedən cihazı əldə etməklə istifadəçilər öz televizorlarında istənilən kanalı kabel televiziya operatoruna qoşulmadan izləyə biləcək.
 

“Bizim əsas məqsədlərimizdən biri dünyanın istənilən ölkəsində olan həmyerlilərimizin milli kanallarımızı izləyə bilməsinə şərait yaratmaqdır. “Myvideo Smart Box” isə onlara milli kanallarımıza öz televizorlarına baxmaq üçün çox rahat şərait yaradır.  Lap konkret deyim, həmyerlilərimiz dünyanın istənilən nöqtəsində milli kanallara baxa biləcək və Azərbaycana daha yaxın olacaq. Bu mövzuda bizə dəstək üçün “Myvideo.az” Xarici İşlər Nazirliyinə və Diasporlarla İş üzrə Dövlət Komitəsinə müraciət etmək niyyətindədir. Həmçinin, “Myvideo.az” milli kanallarımızı daim izləmək və ölkəmizdə baş verənlərdən operativ xəbər almasına şərait yaratmaq üçün Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərini də “Myvideo Smart Box” cihazı ilə təmin etməyə hazırdır”,  - deyə Ə.Əliyev bildirib.

Onu da vurğulayaq ki, sözügedən cihazın köməyi ilə nəinki milli kanallarımızı, həmçinin istifadəçinin yüklədikləri bütün videoları və “Myvideo.az” saytının bazasında olan istənilən internet-kanalları da izləmək mümkündür.

Ə.Əliyev vurğulayıb ki, “Myvideo.az” istənilən diasporamıza “Myvideo.az” saytının bazasında şəxsi sayt yaratmaq üçün şərait yaratmağa hazırdır.


 




14/05/15    Çap et