Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xidmətlərin elektronlaşdırılması ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin səmərəliliyini artırıb


“İqtisadiyyatın sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zəruri edib. Bu baxımdan idarəetmə prosesində elektron hökumətin tətbiqi və xidmətlərin elektron qaydada həyata keçirilməsi ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini artırıb”.
 
Bu fikirləri Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov söyləyib.
 
Nazir qeyd edib ki, hazırda ölkədə iqtisadi inkişafla əlaqədar irihəcmli infrastruktur layihələri həyata keçirilir. Bu da öz növbəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin tətbiqini zəruri edir. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidmətlərin elektron qaydada göstərilməsi qurumlararası razılaşdırma prosesinin operativliyi və şəffaflığı baxımından mühüm əhəmiyyət kəsb edir.
 
 
Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibə verən H.Bağırov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkədə ətraf mühitin vəziyyəti, institusional dəyişikliklər, son illər ərzində həyata keçirilən tədbirlər və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlər analiz edilib.
 
 Eyni zamanda, Azərbaycanda mövcud ekoloji problemlər, yaranma səbəbləri və həlli yolları araşdırılıb, ətraf mühitin bütün sahələri üzrə kompleks şəkildə təhlil aparılıb və uzunmüddətli proqnoz göstəricilər müəyyənləşdirilərək “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı”nın layihəsi işlənib hazırlanaraq hökumətə təqdim edilib.
 
Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edilib, davamlı inkişafın əsasını təşkil edən “yaşıl iqtisadiyyat” konsepsiyasının müddəaları əsas götürülüb, qısa və uzunmüddətli strategiyalar ümumi iqtisadi inkişaf göstəriciləri ilə uzlaşdırılmaqla gözlənilən risklər nəzərə alınıb.
 
 
 
SEYMUR
 




19/05/15    Çap et