Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Sığorta Nəzarəti Xidməti müraciətlərin elektron qaydada göndərilməsini tövsiyə edir


Ölkədə qurulmaqda olan elektron hökumət istiqamətində daha bir addım atılıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə,  Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytında sığortalıların mənafelərinin müdafiəsinin daha da gücləndirilməsi, təklif və şikayətlərə baxılması işinin operativliyinin, keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yeni bölmə istifadəyə verilib.
 
 
Saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün “Məktub yazmaq” bölməsinə daxil olaraq ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə, “şikayət” sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Dövlət xidmətinə elektron qaydada ünvanlanan vətəndaş müraciətləri eyni zamanda avtomatik qaydada aidiyyəti sığorta şirkətinin də elektron ünvanına göndərilir. Bununla da şikayətlərə baxılması prosesinin müddəti xeyli qısaldılır.
 
 
Daxil olan müraciət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin elektron ünvanına həmin məktubun surəti göndərilir.
 
 
Dövlət Sığorta Nəzarəti Xidməti müraciətlərin elektron qaydada göndərilməsini tövsiyə edir.
 
 
SEYMUR




29/05/15    Çap et