Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “Microsoft Imagine Cup” müsabiqəsinin ümumdünya yarımfinalında qalib gəlib


Ümumdünya onlayn-yarımfinalının qalibləri müəyyənləşib. Bu mərhələnin qaliblərindən biri Azərbaycan komandası olub.
 
 
Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və Azərbaycanı sözügedən müsabiqədə “NoObs” komandası təmsil edəcək.
 
Qalib komandanı təbrik edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə komandanın üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılova müvafiq sertifikatları təqdim edib və bildirib ki, “Imagine Cup” müsabiqəsi innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində mühüm rol oynayır.
 
 
“Qeyd etmək istərdim ki, ümumdünya onlayn-yarımfinalda Azərbaycanı 3 komanda təmsil edib və onlardan yalnız biri – “NoObs” komandası “İnnovasiyalar” nominasiyasında qalib gəlib ki, komanda elə bu nominasiyada Azərbaycanı Sietldə keçiriləcək ümumdünya finalında təmsil edəcək. Bundan başqa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərara alıb ki, İKT-nin İnkişafı Fondu tərəfindən komandanın gələcək fəaliyyəti üçün qrant ayrılsın”, - deyə E. Vəlizadə qeyd edib.
 
 
Öz növbəsində “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov qalib komandanı təbrik edib və bildirib ki, komandaların sözügedən müsabiqədə adi iştirakı belə böyük təcrübədir.
 
 
“Bizim məqsədimiz – Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşlarımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik ki, burada tələbələr fundamental və sənaye bilik-bacarıqları əldə etsinlər, ən son texniki həllərdən və proqramlardan istifadə etsinlər, özlərini tətbiqi həllərin yaradılmasında sınasınlar, müxtəlif yerli və beynəlxalq müsabiqələrə qatılsınlar və təcrübələri əsasında işlək məhsullarını bazara çıxarmağa nail ola bilsinlər”, - deyə R. Hacıəlibəyov bildirib.
 
 
Qeyd edək ki, “Microsoft Imagine Cup” müsabiqəsinin beynəlxalq onlayn-yarımfinalında 64 ölkədən 150 komanda iştirak edib. Nəticədə 33 komanda finala vəsiqə qazanıb, onlardan 12-si “İnnovasiyalar” nominasiyasında mübarizə aparacaq.
 
 
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi ilk dəfə təşkil olunub. Milli seçim turu və onlayn-yarımfinalı uğurla keçən 20 komanda milli finala vəsiqə qazandı. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: “İnnovasiya”, “Oyunlar” və “Dünya vətəndaşlığı”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edilib.
 
 Belə ki, milli finalda “İnnovasiyalar” nominasiyası üzrə “NoObs” komandası, “Oyunlar” nominasiyası üzrə “IDEAlists” komandası, “Dünya vətəndaşlığı” nominasiyası üzrə isə “Mar-Tech” komandası qalib gəldi. Qaliblər beynəlxalq onlayn-yarımfinalda iştirak edib və yalnız bir komanda ümumdünya finalına vəsiqə qazana bilib. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.
 
 
Xatırladaq ki, Azərbaycanda “Imagine Cup” müsabiqəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, “Microsoft Azerbaijan” şirkəti və “Nar” rabitə operatorunun təşkilatçılığı ilə həyata keçirilib.




05/06/15    Çap et