Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın geoinformasiya bazası hazırlanır


AMEA akademik H.Əliyev adına Coğrafiya  İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün “Müasir coğrafi tədqiqatlar və onların CİS mühitində tədqiqi” mövzusunda seminar-məşğələ keçirib.
 
Seminar-məşğələnin keçirilməsi Təhsil Kompleksi şagirdlərində coğrafi biliklərə, eləcə də coğrafiya elminə marağın artırılması məqsədini daşıyıb. İnstitutla ümumi tanışlıqdan sonra uşaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Xəritəçilik və  coğrafi  informasiya  şöbəsində olublar.
 
Burada şöbənin kiçik elmi işçisi, GAMŞ idarə heyətinin üzvü Rauf Əmənov sürətli kompüterlər, plotterlər və professional skanerləri nümayiş etdirib, şagirdlərə coğrafi informasiya texnologiyalarının,  eləcə də “ArcGİS 10.2” proqram təminatının köməyi ilə xəritələrin və Azərbaycanın geoinformasiya bazasının hazırlanması barədə məlumat verib. İnstitutdan bildirilib ki, şagirdlər həmçinin, Ukraynadan alınmış “SER-01 ElvaX” stolüstü rentgen-fluoressensiyalı spektrometrinin köməyi ilə su və torpağın tərkibindəki mikroelementlərin müəyyənləşdirilməsi prosesini də izləyiblər.
 
 
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Coğrafiya İnstitutunun  70 ildə qazandığı nailiyyətləri əks etdirən videoçarxın  müşayiəti ilə institut haqqında məruzə  edib, institutun strukturu, tarixi, tədqiqat sahələri, nəşr fəaliyyəti, tanınmış alimləri və s. haqqında danışıb.
 
 
 
Həqiqət İSABALAYEVA




08/06/15    Çap et