Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər.
 

Tərtib olunmuş qrafikə əsasən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 19-da Yevlaxda bu rayondan, həmçinin Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
 

Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı yaradılıb.
 

Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet və poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
 

Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.
 

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.






19/06/15    Çap et