Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda "AICT 2011 V" beynəlxalq konfrans keçiriləcək


12-14 oktyabr 2011-ci il tarixlərdə Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunmuş AICT 2011 V Beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
Tədbir çərçivəsində geniş diapazonda texniki problemlər, əsasən də böyük maraq kəsb edən naqilsiz İnternet, üçüncü və dördüncü nəsil mobil texnologiyalara dair təcrübə mübadiləsi aparılacaq. Konfransın keçirilməsində məqsəd İKT sahəsində və İnternet sənayesində dövrün tələbinə uyğun yüksək səviyyəli innovativ tədqiqatları və işləri üzə çıxarmaqdır. Burada müvafiq elmi sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada təqdim etmək, geniş dairəli məsələlərin optimal həllini tapmaq imkanı verilir.
Dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirdə İKT-nin təhsildə, elmdə, iqtisadiyyatda, biznes və idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturunda tətbiqi ilə bağlı məruzələr dinləniləcək.
Ərizələr 1 iyul 2011-ci il tarixədək qəbul olunur.




09/06/11    Çap et