Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət tətbiq ediləcək


Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət tətbiq ediləcək. Yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır. Bu mövzuda Əmlak Məsələləri Dövlət Komitəsi İctimai Təqdimat keçirib.

Qeyd edilib ki, tədbirin məqsədi müasir dövrdə elektron əmlak idarəçiliyi sisteminin qurulmasında, məmur-vətəndaş ünsiyyətinin azaldılmasında yeni onlayn xidmətlərin rolu və faydaları barədə ictimaiyyəti məlumatlandırmaqdır.
 
Komitənin sədr müavini Rafiq Cəlilovun sözlərinə görə, qeydiyyat prosesinin sadələşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə, elektron və onlayn xidmətlərin tətbiqi, xidmət şəraitinin və dövlət qulluqçularının etik davranış səviyyəsinin yüksəldilməsi irəliyə doğru atılan addımlardır:
 
“Məhz yeni onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında əvvəllər mövcud olmuş daha bir prosedur aradan qalxıb.
Belə ki, vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da,  vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Ümumiyyətlə, qeyd edək ki, əgər əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə enib. Belə ki, ötən il daşınmaz əmlakın yüklülüyünə dair Forma-1 arayışlarının onlayn verilməsi xidməti istifadəyə verilib. Bu il isə növbəti onlayn xidmətin tətbiqi ilə qeydiyyat prosesi daha da sadələşib. Gələcəkdə isə daha yeni elektron və onlayn xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur”.
 
 
Qeyd edək ki, komitənin onlayn xidmətləri, o cümlədən təqdimatı keçirilən yeni onlayn xidmət Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində istifadəyə verilib. Bu onlayn xidmət Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərəcək. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür.
 
Sistemdə isə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir. Eyni zamanda, yeni onlayn xidmətin tətbiqindən sonra qeydiyyatla bağlı dövlət rüsumu və xidmət haqqı ödənişlərini də onlayn qaydada həyata keçirmək mümkündür. Belə ki, ərizəçi birbaşa alqı-satqı əməliyyatını həyata keçirdiyi məkanda quraşdırılmış onlayn ödəniş terminallarında müvafiq ödənişləri edə bilir. Bununla da, vətəndaşın rüsum və xidmət haqlarını ödəməsi üçün əlavə yerə getməsinə ehtiyac qalmır.
 
 
Yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Bu sahədə əlavə vaxt itkisinə səbəb olan amillərin aradan qalxmasına səbəb olacaq. Şəffaflıq, rahatlıq və operativliyin yüksəlməsi ilə vətəndaş məmnunluğunun artmasına gətirib çıxaracaq.
 
 
Həqiqət İSABALAYEVA
 




16/07/15    Çap et