Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə iki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək


Dünyada iki SİM-kartlı smartfonların satış həcmi tezliklə yarım milyard ədədi ötəcək. Bu barədə “Strategy Analytics” analitik şirkətinin proqnozunda deyilir.
 
Qeyd olunur ki, Çin və Hindistan belə modellərin ən böyük satış bazarıdır.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada təxminən 431 milyon ikisimli smartfon satılacaq, 2016-cı ildə satış həcminin 19 faiz artaraq 514 milyon ədədə çatacağı gözlənilir. Ekspertlər yarım milyard qurğu səviyyəsinin ilk dəfə keçiləcəyinə diqqət çəkirlər. Gələn il üçün proqnozlaşdırılan 1,6 milyard ədəd ümumi satış həcminin hər üçüncü smartfonunun SİM-kartlar üçün iki slotla təchiz ediləcəyi gözlənilir.
 
“Samsung Galaxy S5 Duos” kimi iki və daha çox SİM-kartı dəstəkləyən smartfonlara daha çox tələbat Hindistan və Çin bazarlarında müşahidə olunur. Bu ölkələrdə populyarlıq onunla izah edilir ki, ikisimli aparat sayəsində insanlar mobil rabitə və internet üçün sərfəli tarif planlarını seçə bilir, əhatə dairəsinin zəif olduğu yerlərdə rabitə əlaqəsinin yaxşı qəbul edilməsini təmin edir və rouminq xərclərini azalda bilirlər. Bundan başqa, belə modellə şəxsi və iş məqsədləri üçün ayrı-ayrı telefonlardan istifadəyə ehtiyac qalmır.
 
Çin və Hindistan bazarlarının genişmiqyaslı olmasını nəzərə alan "Samsung”, “Lenovo” və “Micromax” kimi aparıcı smartfon istehsalçıları diqqəti bu ölkələrə yönəldir və istehlakçılara "Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki SİM-kartlı qurğuların geniş çeşidini təklif edirlər, -  “DailyComm” yazır.
 




21/07/15    Çap et