Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT-nin inkişafı dilin qloballaşmasına səbəb olur


İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması, internetin insanlar üçün əlçatımlığı Azərbaycan insanını da dünyada gedən qloballaşma prosesinə aktiv şəkildə qoşur. Qlobaşma prosesində bir sıra sahələrlə yanaşı Azərbaycan dilinin də qorunub saxlanılması və inkişaf etdirilməsi başlıca məsələlərdən biridir. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırki qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
 
Çıxış yolu hər bir millətin, sözün geniş mənasında, dünya birliyinə tarixin müəyyənləşdirdiyi imkan, şərəf və ləyaqətlə qovuşmasından ibarətdir. Bu elə bir universal-tarixi prosesdir ki, ondan qaçmaq yox, qorxmadan, çəkinmədən ona doğru getmək lazımdır.
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qloballaşan dünyada dil məsələləri ilə bağlı Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində bildirib ki, dilimizin inkişafı baxımından "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Onun sözlərinə görə, ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir: "Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir".
 
N.Cəfərovun qənaətincə, qloballaşan müasir dünyada Azərbaycan dilinin taleyi, tamamilə təbiidir ki, hər bir azərbaycanlını milli təəssübkeşlik baxımından dərindən düşündürən məsələdir. Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradıb:
 
"Azərbaycan xalqı (ümumən türk xalqları) heç zaman dünyaya qovuşmaqdan, yaxud beynəlxalq inteqrasiyadan imtina etməyib. Və dilimizdə olan minlərlə ərəb, fars, Avropa sözləri də bunu təsdiq edir. Həmin sözlər o sözlərdir ki, bütün xalqlar üçün səciyyəvi olan məişət-etnoqrafiya həyatına aid olan anlayışları deyil, intellektual-elmi idrak sahələrini əhatə – ifadə edir ki, bu da Azərbaycan türklərinin ümumbəşəri dəyərlərə heç vaxt biganə qalmadıqlarını və bundan sonra da biganə olmayacaqlarını göstərir. Əslində, biri digəri ilə sıx bağlı olan səviyyələrin hər birində Azərbaycan dilinin müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi üçün zəruri şərtlər də mövcuddur ki, buraya, birinci növbədə, əhali potensialı, xalqın intellektual-mədəni imkanları və müstəqil Azərbaycan dövlətinin kifayət qədər mükəmməl dil siyasəti daxildir. Biz şübhə etmirik ki, qloballaşan dünya Azərbaycan dilinin qarşısına yalnız məlum maneələr, yaxud problemlər çıxaracaq, eyni zamanda təkmilləşmə və inkişaf istiqamətində geniş imkanlar da açacaq".
 
 
 
SEYMUR
 




30/07/15    Çap et