Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Display” yeni nəsil ekranların hazırlanmasına 8,5 milyard dollar sərmayə qoyur


Cənubi Koreyanın "LG Display" şirkəti təxminən növbəti üç ildə yeni nəsil ekranların hazırlanmasına 10 trilyon von (8,5 milyard dollar) məbləğində sərmayə yatırmağı planlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti "Interfax.ru" saytına istinadən bildirir ki, "LG Display" orqanik işıq diodları ("organic light-emitting diodes", "OLED") texnologiyasından istifadə edən ekranlara investisiya qoyacaq. Şirkətin nümayəndələri hesab edir ki, daşınan cihaz, avtomobil və televizorlar daxil olmaqla müxtəlif qurğularda qabaqcıl ekranlardan istifadəni nəzərə alaraq şirkətin məhsuluna tələbat artacaq.
 
"LG Display" artıq böyük "OLED" ekranların istehsalında liderdir, ancaq bu sahədə tələbat tədricən azalır və şirkət kiçik qurğular bazarında öz mövqeyini gücləndirməyə çalışır.
 
"DisplaySearch" tədqiqat şirkətinin qiymətləndirməsinə əsasən, 2022-ci ilə qlobal "OLED" ekran bazarının həcmi 28,3 milyard dollaradək artacaq.
 
Xatırladaq ki, 2014-cü ildə bu göstərici 8.7 milyard dollar təşkil edib.
 
Emil Hüseynov




17/08/15    Çap et