Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İSP-nin 95 faizinin şəbəkəsinin təhlükəsizliyi təmin edilib


Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti bu gün yerli İSP-lərin demək olar hamısının şəbəkəsinin təhlükəsizliyini təmin edir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Avropa Oyunları ərəfəsində “Delta Telecom” özəl sektorda çalışan müəssisə və qurumları DDoS-hücumlardan mühafizə etmək məqsədi ilə yeni kommersiya xidməti istifadəyə verib.

“Bu xidmət vasitəsi ilə biz bu gün Azərbaycan İSP-nin 95 faizinin şəbəkəsinin təhlükəsizliyini təmin edirik. Nəticə olaraq bu provayder şirkətlərinin xidmətlərindən istifadə edən bank, maliyyə, ticarət və s. sahələrdə çalışan şirkətlərin şəbəkələri artıq mühafizə edilmiş internetdən istifadə edirlər”, - deyə şirkətdən bildiriblər.
DDoS-hücumların qarşısını almaq üçün “Delta Telecom” şirkəti "Arbor Networks" proqram-aparat komplekslərindən istifadə edir. Nəticədə sistem müəssisələrin serverlərinin və infrastrukturunun təhlükəsizliyini təmin etməyə imkan verir.
 
Şirkətlərin istifadə etdikləri internet kanalların tutumundan və mühafizənin səviyyəsindən asılı olaraq xidmətin qiyməti dəyişir.
 
Aynur Vəliyeva
 




25/08/15    Çap et