Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hicran Hüseynova sosial şəbəkələrin ailələrin dağılmasına göstərdiyi təsirlərdən danışdı


“Müasir ailələrin qlobal miqyasda yaranan tendensiyaların təsirinə məruz qalması və aşınması, əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir. Burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən araşdırmalar aparılmalıdır. Elm və texnikanın inkişaf etməsi, internet məkanın genişlənməsi kimi amillər insanların işini müəyyən qədər yüngülləşdirsə də, bunlar ailədaxili problemlərin yaranmasından yan keçmir”.
 
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Rabitə dünyası” qəzetinə verdiyi müsahibədə söyləyib.
 
Komitə sədri bildirib ki, sosial şəbəkələrə aludəlik fərdlər arasında anlaşılmazlığa gətirib çıxarır. Onun qənaətində, insanlar bir çox hallarda vaxtlarının çox hissəsini internetdə keçirdikləri üçün bəzən ailədə söz-söhbətə səbəb olur, çünki ünsiyyət probleminin yaranması heç bir ailə üzvü tərəfindən birmənalı qarşılanmır.
 
 
“Həmçinin uşaqların düzgün tərbiyə olunmaması, bəzi ailələrdə onlara tərbiyəvi xüsusiyyətlərin aşılanmaması mənfi nəticələrin yaranmasına səbəb olur” – deyən H.Hüseynova bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin sərhəd tanımadan insanların həyatına daxil olması faktı da ailə institutunun zəifləməsinə gətirib çıxarır.
 
 Ölkəmizdə də bu kimi problemlərə rast gəlinməsindən təəssüflənən komitə sədri hesab edir ki, maarifləndirici tədbirlərin keçirilməsi bu kimi məsələlərin həlli yolunda mühüm addımlardandır:
 
 “Maarifləndirici tədbirlər həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də dövlət səviyyəli tədbirlərin keçirilməsi ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Cəmiyyətimizdə ailə institutu günbəgün möhkəmləndirilir. Bu da hər şeydən əvvəl nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Hesab etmirəm ki, sosial şəbəkələr ailələrin dağılmasına o qədər də güclü təsir etsin. Yəni təməli güclü prinsiplər üzərində qurulan ailələrdə bu kimi səbəblər boşanmalara əsas vermir. Ailə üzvlərinə daha çox vaxt ayıran, diqqət göstərən, sosial şəbəkələrdə az vaxt keçirən insanlar belə problemlərlə qarşılaşmır”.
 
 
Seymur Qasımbəyli
 




04/09/15    Çap et