Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Komitə sədri: “Yaxın zamanlarda uşaq televiziyasının yaradılmasının şahidi olacağıq”


“Ölkədə uşaq televiziyasının yaradılması çox aktual məsələdir, lakin belə televiziyanı yaratmaq o qədər də asan deyil”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova səsləndirib.
 
O, uşaq televiziyasının yaradılmasının əhəmiyyətindən danışaraq, bu məsələyə spesifik yanaşmanın tələb olunduğunu önə çəkib.
 
“Düşünürəm ki, yaxın zamanlarda biz belə bir televiziyanın yaradılmasının şahidi olacağıq” – deyən komitə sədrinin sözlərinə görə, milli cizgi filmlərinin çəkilməsi vacib məqamlardandır:
 
“Ümumiyyətlə, milli cizgi filmlərinin çəkilməsi uşaqların inkişafı, düzgün mədəniyyəti mənimsəməsi, nitq qabiliyyətinin inkişafı  baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Uşaqlar cizgi filmləri ilə böyüyürlər. Elə olur ki, hansısa qəhrəmanı özünküləşdirirlər, onun kimi davranmağa başlayırlar. Bu baxımdan milli dəyərlərimizi, adət-ənənələrimizi cizgi filmləri vasitəsilə aşılamaq imkanları daha geniş olardı. Uşaq televiziyasının yaradılması prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da öz əksini tapıb. Həmin sənəddə uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması, habelə Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması xüsusi maddə ilə müəyyən edilmişdir”.
 
 
 
Seymur Qasımbəyli




05/09/15    Çap et