Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson”: dünyada mobil internet şəbəkələrinə qoşulmaların sayı 3 milyardı ötüb


İsveçin “Ericsson” şirkətinin məlumatına görə, 2015-ci ilin ikinci rübündə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 99 faiz təşkil edib. Rüb ərzində 53 milyon yeni mobil qoşulma əlavə olunub ki, bunun da nəticəsində qoşulmuş SİM-kartların ümumi sayı 7,2 milyarda çatıb. Lakin dünyada real abunəçilərin sayı 4,9 milyarda yaxındır.
 
Mobil qoşulmaların illik ifadədə sayı təxminən 5 faiz, ötən ilin analoji rübü ilə müqayisədə 0,7 faiz artıb. İkinci rübdə xalis qoşulmaların sayına görə 12 milyon yeni qoşulma ilə Hindistan lider olub. Sonrakı yerlərdə Myanma (5 milyon), Nigeriya (4 milyon), ABŞ (4 milyon) və  Banqladeş (3 milyon) qərarlaşıb.
 
Analitiklərin məlumatına görə, 2015-ci ilin ikinci rübündə dünyada genişzolaqlı mobil internetə 140 milyon yeni qoşulma qeydə alınıb. Nəticədə dünyada genişzolaqlı mobil internetə qoşulmaların ümumi sayı 3,1 milyarda yaxınlaşıb. Bu göstəricinin illik artımı 25 faiz təşkil edir.
 
“WCDMA” və “HSPA” şəbəkələrində 50 milyon yeni qoşulma əlavə olunub. “LTE” şəbəkələrində 115 milyon qoşulma qeydə alınıb və nəticədə “LTE” qoşulmalarının ümumi sayı 740 milyona çatıb. “GSM” şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 70 milyon artıb. Bununla belə, yalnız “GSM” texnologiyasından istifadə edə bilən abunəçilərin sayı 80 milyon azalıb.
 
Hesabat dövründə təxminən 340 milyon smartfon satılıb. Smartfonların mobil telefonların ümumi satışında payı 75 faiz təşkil edib. 2014-cü ilin ikinci rübündə bu göstərici 65 faiz olub. Smartfonların bütün mobil qoşulmalarda payı 45 faizə bərabərdir. Bu, bazarın böyük artım potensialına malik olmasından xəbər verir.
 
Dünyada mobil trafikin aylıq həcmi 4 min petabaytı ötüb. Cari ilin ikinci rübündə mobil trafik 2014-cü ilin ikinci rübü ilə müqayisədə 15 faiz artaraq illik ifadədə 55 faiz yüksəlib. Trafikin artımı genişzolaqlı mobil internetə qoşulmaların sayının artması və trafikin bir abunəçi üçün istifadəsinin çoxalması ilə əlaqədardır. Lakin trafik üzrə məlumatlar ölkələr, regionlar və operatorlara görə ciddi fərqlənir, - "CNews” yazır.




08/09/15    Çap et