Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir müavini: “Elektron kənd təsərrüfatı” sistemi bütövlükdə tətbiq edildikdən sonra Azərbaycanda torpaq üzrə bütün potensialın elektron formada müəyyən edilməsi mümkün olacaq”


“Elektron kənd təsərrüfatı” sisteminin yaradılması üçün seçilən pilot rayonun adı açıqlanıb.
 
 
 
Xaçmaz şəhərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasına yönələn tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyələr, fermerlər və torpaq mülkiyyətçiləri  iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasının vacibliyini bildirib və ilk olaraq pilot rayon kimi Xaçmaz rayonunun seçilməsinə görə dövlət başçısı İlham Əliyevə  və Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü ifadə edib.
 
 
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli Fərmanı bu sistemin qurulması üçün zəmin yaradıb. Onun sözlərinə görə, “Elektron kənd təsərrüfatı” sistemi beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə yaradılır.
 
 
Nazir müavini diqqətə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyi italyan şirkəti ilə birgə hazırlanan proqram təminatının ayrı-ayrı komponentlərinin yerlərdə icrasına başlayır. Layihənin ilkin icrası üçün Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmaz pilot rayon kimi seçilib.  Proqram təminatının tələblərinə uyğun olaraq məlumat bazasının formalaşdırılması üçün tezliklə  rayonda konkret işlərə başlanılacaq. Nazirliyin məsul əməkdaşları qeydiyyat işlərini aparan şirkətin nümayəndələri ilə birlikdə Xaçmaz rayonundakı bütün torpaq sahələrinin fərdi identifikasiyasını həyata keçirəcək. Son nəticə olaraq  elektron xəritə hazırlanaraq  ümumi sistemə daxil ediləcək.
 
 
Nazir müavini vurğulayıb ki,  İtaliya şirkətinin təqdim etdiyi proqram təminatının zəruri məlumat bazası ilkin olaraq Xaçmazda formalaşdırılacaq və həmin sistemin pilot layihə kimi ilkin emalı həyata keçiriləcək. Mövcud problem və çatışmazlıqlar birlikdə aradan qaldırıldıqdan sonra həmin sistemin bütövlükdə respublika üzrə formalaşdırılmasının icrasına başlanılacaq.
 
 
Tədbirdə bildirilib ki, bu sistem bütün inkişaf etmiş ölkələrdə uzun müddətdir  tətbiq olunur. “Elektron kənd təsərrüfatı” sistemi bütövlükdə tətbiq edildikdən sonra Azərbaycanda torpaq üzrə bütün potensialın elektron formada müəyyən edilməsi mümkün olacaq. Bununla da mövcud torpaqlardan səmərəli və mütəşəkkil qaydada istifadə edilməsinin çevik idarəedilməsinə imkan yaranacaq.
 
 
Bundan sonra tədbirdə müvafiq icra orqanlarına, əlaqədar təşkilatlara yeni sistemin yaradılması ilə bağlı qarşıya çıxan məsələlərin operativ həlli istiqamətində tapşırıq və tövsiyələr verildi, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Seymur Qasımbəyli




08/09/15    Çap et