Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uruqvay Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu prioritet sahələri açıqladı


Uruqvay Azərbaycan ilə energetika, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
 
Bu barədə Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela açıqlama verib.
 
O, Azərbaycana etdiyi rəsmi səfəri çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
 
Azərbaycan və Uruqvay arasında ilk siyasi məsləhətləşmələr çərçivəsində keçirilən görüşdə Kansela bildirib ki, hər iki ölkə əməkdaşlığı genişləndirmək və daha da inkişaf etdirmək üçün böyük potensiala malikdir. Latın Amerikası ölkəsinin rəsmisi qeyd edib ki, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə lazımi hüquqi çərçivənin formalaşması və müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti böyükdür.
 
Onun sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti zamanı böyük təcrübə qazanıb. Kansela, ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını önə çəkərək Uruqvayın regionda və dünyada sülhün və sabitliyin dəstəklənməsi istiqamətində siyasət həyata keçirdiyini qeyd edib:
 
“Münaqişələrin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həllinə tərəfdarıq. Uruqvay beynəlxalq hüquqa hörmətlə yanaşır, beynəlxalq hüquq prinsiplərinin dövlətlərarası münasibətlərin təməli olmasını dəstəkləyir. Bu xüsusda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirik. Azərbaycan Mərkəzi Asiya və Xəzər regionuna çıxış üçün mühüm mərkəz kimi əhəmiyyətlidir. Uruqvayın bu regiona yönəlmiş iqtisadi siyasətinin mərkəzinin məhz Azərbaycan olacağına inanırıq”.
 
 
Nazir müavini Xələfov da Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verəcəyini qeyd edib.
 
Xələfov qonağa ölkəmizin yerləşdiyi regionda geosiyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verib.
 
Azərbaycan və Uruqvay arasında kənd təsərrüfatı, energetika və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir müavini əlaqələrin daha da dərinləşməsi, ölkələrimizin qarşılıqlı təbliği və yeni əməkdaşlıq imkanlarından istifadə olunması baxımından yüksəksəviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb. Sovet İttifaqının dağılmasından sonra bir sıra Qərb şirkətlərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda irimiqyaslı enerji layihələrinin həyata keçirildiyini diqqətə çatdıran Xələfov, hazırda Xəzər regionunun böyük nəqliyyat dəhlizinə çevrildiyini də söyləyib.
 
Azərbaycanın Latın Amerikası ölkələri ilə, o cümlədən də Uruqvayla münasibətlərin inkişafında maraqlı olduğunu deyən Xələfov, təəssüf ki, ticarət-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini, siyasi dialoqun inkişaf etməsinin iqtisadi münasibətlərə də təkan verəcəyini önə çəkib.
 
 
SEYMUR




15/09/15    Çap et