Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şahin Əsədli: “MSK və RYTN əməkdaşlığı çərçivəsində ölkə üzrə seçki məntəqələrinin 20 faizi veb-kameralarla təmin edilib”


“Bizim araşdırmalarımıza görə, Azərbaycanda veb-kameralardan istifadə dünya seçki praktikası üçün yeni bir istiqamətdir”.

Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu barədə “Elektron hökumət" bülleteni üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən növbəti brifinqdə məlumat verib. Onun sözlərinə görə, seçki məntəqələrində quraşdırılan veb-kameralar şəffaflığın təminatı üçün əsas vasitələrdən biridir:
 
 “Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi tətbiq olunur. Belə ki, seçki gününədək respublikadakı seçki məntəqələrinin 500-də veb-kamera quraşdırıldı. Daha sonra -  2013-cü ildən etibarən isə artıq 1000 seçki məntəqəsində quraşdırıldı, yəni ölkə üzrə seçki məntəqələrinin təxminən 20 faizi veb-kameralarla təmin edilib. Belə uğurlu layihənin həyata keçirilməsində Mərkəzi Seçki Komissiyası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq edir. Seçkilər dövründə Mərkəzi Seçki Komissiyasının sədri və rabitə və yüksək texnologiyalar naziri mütəmadi olaraq MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirir və veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olurlar”.
 
MSK rəsmisi qeyd edib ki, bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsini və nəticələr haqqında rəsmi protokolların hazırlanmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edir:
 
 “Bu praktika özünü uğurlu göstərdiyi üçün 2008-ci ildən sonra keçirilən bütün seçkilərdə istifadə olunub”. Belə ki, təcrübə 2008-ci il Prezident seçkiləri, 2009-cu il Referendum, 2009-cu il Bələdiyyə seçkiləri, 2010-cu il Milli Məclisə seçkilər, 2013-cü il Prezident seçkiləri, 2014-cü il Bələdiyyə seçkilərində tətbiq edilib: “Yeri gəlmişkən, bu il 1 noyabrda keçiriləcək beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar bu istiqamətdə hazırlıq işləri davam etdirilir, bu ənənənin, bu uğurlu təşəbbüsün yenə davam etdirilməsi nəzərdə tutulur”.
 
 
Ş.Əsədli əlavə edib ki, veb-kameraların quraşdırılması Azərbaycan qanunvericiliyi ilə tənzimlənən bir fəaliyyətdir:
 
“Veb-kameraların quraşdırılması plansız nəzərdə tutulmuş bir iş deyil. Hələ ilk tətbiq olunduğu illərdən MSK-nın veb-kameralardan istifadə qaydası ilə bağlı müvafiq təlimatı var”.
 
 
 
 
Həqiqət İSABALAYEVA




09/10/15    Çap et