Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda TAIEX-in təşkilatçılığı ilə “Elm - dövlət - sənaye münasibətlərinin qurulması” mövzusunda seminar keçiriləcək


Bu ilin 29-30 oktyabr tarixlərində Bakıda TAIEX-in təşkilatçılığı ilə Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan “Elm (təhsil) - dövlət - sənaye (üçqat spiral modeli) münasibətlərinin qurulması” mövzusunda seminar keçiriləcək. Seminar Azərbaycanın “İnnovasiyanın üçqat spiral modeli” (The Triple Helix Model for Innovation) adlı layihəsinə əsaslanır.
 
Belə ki, Avropa Komissiyasının TAIEX aləti AMEA Elmi İnnovasiyalar Mərkəzində hazırlanmış “İnnovasiyanın üçqat spiral modeli” (The Triple Helix Model for Innovation) adlı layihəni icraya qəbul edib.
 
“Rabitə dünyası”na bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov məlumat verib.
 
Onun sözlərinə görə, tədbirdə Avropanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında innovasiyanın üçqat spiral modeli konsepsiyası, onun əsas xüsusiyyətləri, modeldə elm (təhsil), sənaye və dövlətin vəzifələri və qarşılıqlı əlaqələrin qurulması, biliklərə əsaslanan iqtisadiyyat və regional inkişaf, müvafiq məkanların formalaşması, Azərbaycanda modelin inkişafı üzrə zəruri addımlar və s. mövzularda Avropa ekspertlərinin məruzələri dinləniləcək və müzakirələr aparılacaq.
 
 
 
Həqiqət İSABALAYEVA
 




12/10/15    Çap et