Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli dövrdə qlobal dəyişikliklər


«Cisco» şirkətinin direktorlar şurasının icraçı sədri Con Çembers bloqunda rəqəmli dövrdə qlobal dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. «ICTnews.az» saytı həmin materialı təqdim edir.
 
 
ÜDM-nin artım tempinin zəifləməsi, orta sinfin azalması və geosiyasi münaqişələrin gərginləşməsi ilə bağlı narahatçılıq artır. Dünyanın indiki vəziyyəti bir çoxlarını narahat edir, lakin bu vəziyyəti düzəltmək üçün şəhər və ölkələrin həyat tərzini köklü dəyişdirmək lazımdır.
 
 
Məhz rəqəmləşdirmə prosesi məhsuldarlığı yüksəldə bilər. Yaxın 5 ildə internetə qoşulmuş 50 milyard qurğu mövcud olacaq və onların bizim həyatımıza təsiri internetin indiki təsirindən 5, yaxud 10 dəfə daha güclü hiss olunacaq. Rəqəmləşdirmə - ölkələrin qlobal rəqabətə davamlı olması, ÜDM-nin artımı və yeni iş yerlərinin yaradılmasında əsas açardır.
 
 
Fransanı nümunə göstərə bilərik. Bu ölkənin rəhbərliyi rəqəmli dəyişikliklərin əhəmiyyətini çox gözəl başa düşür və iri addımlarla ölkədə rəqəmləşdirmə prosesini həyata keçirir, innovasiya imkanlarını yüksəldəcək ekosistem formalaşdırır.
 
 
Yaxın 10 ildə rəqəmləşdirmə prosesi Fransaya ÜDM-ni 101 milyard dollara çatdırmağa, 1,1 milyon yeni iş yeri yaratmağa və davamlı innovasiya şəbəkəsi sayəsində 51 milyard dollar məbləğində əlavə gəlir əldə etməyə kömək edə bilər.
 
 
İnkişaf etməkdə olan iqtisadiyyata malik Hindistan isə öz inkişaf fundamentini qurur. Mən (Con Çembers) cari ilin sentyabrında Hindistanın baş naziri Narendra Modinin Silikon vadisinə səfəri zamanı onunla söhbət etdim. O, son 30 ildə Hindistan dövlətinin rəhbərliyindən Silikon vadisinə səfər etmiş ilk şəxsdir və öz «Rəqəmli Hindistan» təşəbbüsünün reallaşması üçün tərəfdaşlığa meyilli olduğunu nümayiş etdirib.  Ən vacib nəticələrdən biri yüksəkixtisaslı mütəxəssislərin sayının artması olacaq.
 
 
 Bundan başqa, N. Modinin formalaşdırdığı konsepsiyaya əsasən, Hindistan dünyanın əsas istehsal mərkəzinə çevrilməlidir ki, bu da yerli miqyasda innovasiya və iş yerlərinin yaradılmasını stimullaşdıracaq, qlobal miqyasda isə ölkənin rəqabətə davamlılıq reytinqini yüksəldəcək. Nəhayət, startapların inkişafı üzrə təşəbbüs təklif etmiş Hindistanın baş naziri növbəti nəsil şirkətlər üçün əlverişli mühit yaratmaq ideyasını tam dəstəklədiyini nümayiş etdirib.
 
 
Emil Hüseynov




22/10/15    Çap et