Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aparıcı beynəlxalq investorlar Bakıya gəlir


Dünyanın ən nüfuzlu vençur kapitalistləri və mələk investorları Azərbaycanın və regionun ən güclü startapları ilə görüşmək üçün Bakıya, "IE Venture Day" tədbirinə gələcəklər.

 
 
"IE Venture Day" dekabrın 3-də Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Yüksək Texnologiyalar Parkı (YTP)  və "IE Business School"  tərəfindən Bakıda ilk dəfə təşkil olunacaq.
 
 
Artıq "Wayra UK", "Microsoft", "Facebook", "CCC Startups" və bir çox digər aparıcı şirkətlər tədbirdə iştiraklarını təsdiqləyiblər. 
 
 
"IE Venture Day" startaplar üçün xarici və yerli investisiyaların cəlb edilməsi, təcrübəli mentorlarla görüş və digər innovativ sahibkarlarla əlaqələrin yaradılması üçün unikal bir platforma rolunu oynayır.  Dünyanın 35 şəhərində keçirilən "IE Venture Days" - Vençur günlərində  2013-cü ildən bu günə kimi 20 milyon avrodan çox investisiya cəlb edilib. 
 
 
Bu tədbirin əsas hissəsini 10 startapın ən nüfuzlu vençur kapitalistlər qarşısında öz biznes ideyalarını təqdim edəcəyi "Pitch-off" formatında keçiriləcək müsabiqə təşkil edəcək.
 
 
Startaplar müsabiqədə iştirak etmək üçün noyabrın 10-a qədər bu link  vasitəsi ilə qeydiyyatdan keçməlidir.
 
 
Qalibləri 3 əsas mükafat gözləyir: 
 
 
1-ci yer: "IE Venture Day" Madrid tədbirində 10 finalçıdan biri kimi çıxış etmək şansı (bütün xərclər qarşılanır). Madriddə keçirilən tədbir Beynəlxalq Vençur Günlərinin kulminasiya məqamı sayılır və bu müsabiqənin qalibləri 6 rəqəmli məbləğlər cəlb edərək öz bizneslərinin sürətli artımına nail olurlar.
 
 
2-ci yer: "Executive Education" proqramının istənilən kursu üzrə "IE Business School"-da 100% təqaüd.
 
 
3-cü yer: Partnyorlar tərəfindən pulsuz təqdim edilən ofis ilə birgə 3 aylıq inkubasiya müddəti, o cümlədən "IE Venture Lab" tərəfindən mentorluq. "Venture Lab" – hər il 50-dən çox innovativ yüksək potensiallı startapların yaradıldığı "IE Business School"-un startap-akseleratorudur.
 
 
Qeyd edək ki, "Venture Day Baku" haqda əlavə məlumatı tədbirin rəsmi  "Facebook" səhifəsindən , həmçinin YTP-nin səhifəsindən  əldə etmək olar.
 
 
CAHANGİR




05/11/15    Çap et