Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər “canlı və nəfəs alan” kompüter yaradıblar


Kanadanın Monreal Makgill Universitetinin ABŞ, Niderland, İsveç və Almaniya alimlərindən ibarət qrupu yeni bioloji superkompüterin uğurlu sınaqlarını keçirib. Onlar yeddi il tədqiqat apardıqdan sonra canlı orqanizm prinsipi üzrə işləyən yeni çipin riyazi modelini ərsəyə gətirməyə nail olublar.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI” resursuna istinadən yazır ki, əvvəlki superkompüter modelləri ölçülərinə görə basketbol meydançasına bərabər olub. Lakin alimlərin təqdim etdiyi yeni model kitabın ölçüsündən heç də böyük deyil. Onun prosessorunun ölçüsü 1,5 sm olmaqla adi kompüterin prosessorunun ölçüsündən xeyli kiçikdir. Biokompüterlərin ən böyük üstünlüyü isə onların ənənəvi superkompüterlərlə müqayisədə az enerji sərf etməsindədir.

Bildirilir ki, superkompüter adenozintrifosfatla (canlıların hüceyrələrini enerji ilə təmin edən kimyəvi birləşmə) işləyir. Alimlərin sözlərinə görə, robotun sxemi şəhər küçələrindəki hərəkətə bənzəyir. Belə ki, şəhərdə öz yanacağı ilə hərəkət edən avtomobillər kimi, mikroçip kanalları vasitəsilə də molekullar axır. Molekulların adenozintrifosfatla təchiz edilmə mexanizmi prosessorda nəfəsə bərabərdir. Çünki çipdə bütün proseslər bioagentlər tərəfindən idarə olunduğuna görə superkompüter qızmır.

Alimlərin fikrincə, onların təqdim etdiyi texnologiya canlı hüceyrələr əsasında işləyən “nəfəs alan” superkompüterlər dövrü yolunda atılan ilk addımdır.

“Hələ həll ediləsi çoxlu məsələ var ki, onlardan da ən başlıcası bioloji superkompüterin hibrid hesablama sisteminin yaradılması üçün adi kompüterlə uyğunlaşdırılmasıdır”, - tədqiqat müəlliflərindən biri Den Nikolau bildirib.

Nizam Nuriyev  





03/03/16    Çap et