Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər həssas protez əli təkmilləşdirməyə nail olublar


ABŞ tədqiqatçıları insana nəyə toxunduğunu hiss etməyə imkan verən bionik protez əl hazırlayaraq sınaqdan keçiriblər. Bu barədə “IEEE Spectrum” jurnalında Keys-Uestern Universitetinin funksional əsəb interfeysləri laboratoriyasının rəhbəri Dastin Tayler məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, bu məqsədlə laboratoriya əməkdaşları adi bionik protezi toxunuşu hiss edən sensor sistemi ilə təchiz ediblər. Bunun üçün sınaqda iştirak edən könüllülərin bazu önünə bayır tərəfdən iri əsəb sistemlərini, o cümlədən dirsək, mil sümüyü və əlin orta sümüyünü (N.medianus) əhatə edən xüsusi hazırlanmış düz elektrod manjetlər quraşdırılıb. Bu manjetlərin hər birində ayrıca stimulyasiya kanalı ilə əlaqəli səkkiz kontakt nöqtə yerləşib.

Bildirilir ki, protezin müxtəlif hissələrinə toxunuşa reaksiya verən ötürücülər quraşdırılıb. Onlar kompüter vasitəsilə implantasiya olunan elektrodlarla ötürücülərdən daxil olan informasiyanın sinir sisteminə müxtəlif kanallarla ötürülməsi üçün birləşdirilib.

Sistemin çoxillik sınaqlar və sazlanması nəticəsində könüllü İqor Spetik protezin köməyi ilə, məsələn, gözləri bağlı halda albalını budaqcıqlardan ayırmaq kimi incə hərəkətləri yerinə yetirə bilib. O, buna toxunuşu hiss edən sensor sistemi söndürülmüş vəziyyətdə 34 faiz halda nail olub, işlək vəziyyətdə isə uğurlu hərəkətlərin sayı 93 faiz təşkil edib. İ.Spetikin sözlərinə görə, o sistem sayəsində protezi alət kimi deyil, öz əli kimi hiss edir.  

Funksionallığına görə maksimum dərəcədə insan əlini xatırladan protez üzərində işlər 2012-ci ildən universitetdə və bir neçə klinik elmi mərkəzlərdə aparılır. D.Taylerin sözlərinə görə, bununla belə, texnologiya hələ mükəmməl deyil.

Hazırda laboratoriya elektrod sayı dörd dəfə çox olan implantasiya edilən yeni nəsil manjetlərin yaradılması ilə məşğuldur. Bu, təkcə hissiyyatlı deyil, həm də temperatur, ağrı, əzələlərin vəziyyətini hiss etmə kimi geniş hiss spektrinin ötürülməsi üçün lazımdır. Lakin başlıca vəzifə sistemi kənar kompüterə naqilsiz qoşulma olmadan tam implantasiya edilən hala gətirməkdir.

Laboratoriya rəhbəri qeyd edib ki, bunu etmək heç də asan deyil, çünki sistem 16 qeyd və 96 stimulyasiya kanalına malik olmaqla insan əlinə implantasiya edilərək illərlə işləməlidir. Buna baxmayaraq mütəxəssislər sistemin işlək avtonom prototipini 2019-cu ilədək yaratmağı planlaşdırırlar.

Nizam Nuriyev 







04/05/16    Çap et