Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqramlaşdırılan məntiqi kontrollerlər üçün ilk virus yaradılıb


Təhlükəsizlik tədqiqatçılarının proqramlaşdırılan məntiqi kontrollerlər üçün yaratdıqları ilk virus bütün dünyada əhəmiyyətli infrastruktur müəssisələrinə, o cümlədən elektrostansiyalara böyük zərər vura bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, digər oxşar proqramlardan fərqli olaraq iki Almaniya hakeri Ralf Spenneberq və Mayk Brüggeman tərəfindən hazırlanan virus masaüstü kompüter və ya noutbuku yoluxdurmadan proqramlaşdırılan məntiqi kontrollerlərlə yayıla bilir. “Stuxnet” kimi zərərli proqram təminatı proqramlaşdırılan məntiqi kontrollerləri yoluxdurmazdan əvvəl  fərdi kompüterə daxil olmalıdır. Bu isə o deməkdir ki, zərərli proqramın sonradan yayılmasının qarşısını yoluxmuş kompüterləri ləğv etməklə almaq olar.

Tədqiqatçıların sözlərinə görə, virus “Siemens S7 1200” proqramlaşdırılan məntiqi kontrolleri arasında xərçəng şişi kimi yayılır, lakin onu digər kontrollerə də uyğunlaşdırmaq mümkündür. Müəssisədə istifadə olunan proqramlaşdırılan məntiqi kontrollerlərdən asılı olaraq virus “proxy” serverlər zənciri vasitəsilə onun sistemlərini də yoluxdura bilər.

“BlackHat Asia” konfransında təhlükəsizlik mütəxəssisi Aleksandr Bolşev almaniyalı hakerlərin hazırladığı virusun aktivliyini gizlətməyə imkan verən üsul təqdim edib. Onun köməyi ilə cinayətkar proqramlaşdırılan məntiqi kontrollerlərin generasiya etdiyi dalğaların tezliyini və amplitudasını dəyişərək hücumu gizlədə bilər. “Honeywell” şirkətinin əməkdaşı Marina Krotfil ilə birlikdə keçirilən tədqiqatın nəticələrindən məlum olub ki, cinayətkar əsas qaz boru kəməri yaxınlığında yerləşən stansiyaya müdaxilə edərək dalğaların normal tezliyini müəyyənləşdirməklə onları yüksək keyfiyyətli komponentlərin köməyi ilə təkrar yarada bilər.

Nizam Nuriyev 





06/05/16    Çap et