Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni material günəş panellərinin effektivliyini artıracaq


Alimlər günəş panellərini tozdan qoruyaraq səhralarda günəş enerjisinin istehsalının effektivliyini artıracaq nazik polimer plyonka yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, günəş panelləri fotoelementlərinə tozun düşməsi elektrik enerjisinin bu üsulla istehsal edilərək istifadəsinin ciddi problemlərindən biridir. Səhralar kimi yerlərdə günəş panellərinə yatan qalın toz qatı onların effektivliyinin azalmasına səbəb olur. Buna görə alimlər panellər üçün tozu müstəqil təmizləyə bilən yeni material hazırlamağa başlayaraq günəş şüalarının təsiri ilə dəyişən xüsusi polimer plyonka yaratmağa nail olublar. Bu, günəş panellərinə yatan tozu avtomatik təmizləməyə imkan verəcək.

Bildirilir ki, polimer plyonka Eyndhoven Texnoloji Universiteti və Berlin Humboldt Universitetinin tədqiqatçıları tərəfindən ərsəyə gətirilib. Materialın tərkibində lazımi effekt yaradan xüsusi işığa həssas molekullar var. 

Eyndhoven Texnoloji Universitetinin tədqiqat qrupunun rəhbərinin sözlərinə görə, işığa həssas molekullar görünən spektrin şüalanmasının təsiri ilə əyilir və uzanır. “Molekulların daxildə kristal polimer toru ilə bağlı olması səbəbindən bu, səthin cüzi dəyişməsinə gətirib çıxararaq plyonkanın üstündə arzuolunmaz tozu təmizləməyə imkan verir”, - qrup rəhbəri vurğulayıb.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda hazırlanan intensiv ultrabənövşəyi şüaların təsiri ilə formasını dəyişən və özünübərpa edən materialdan fərqli olaraq yeni plyonkaya iş üçün adi günəş işığı kifayət edir.  
Nizam Nuriyev 





11/07/16    Çap et