Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya təhlükəsizliyi üçün dünya proqram təminatı bazarının həcmi 3,7 faiz artıb


“Gartner” analitik şirkəti 2015-ci ildə informasiya təhlükəsizliyi üçün dünya proqram təminatı bazarında mədaxilin 22,1 milyard dollar təşkil edərək 2014-cü ildəki 21,3 milyard dollarlıq göstəricidən 3,7 faiz çox olması barədə məlumat yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bazarın ayrı-ayrı kateqoriyalarını xarakterizə edən mütəxəssislər qeyd ediblər ki, daha yaxşı dinamika 15,8 faizlik illik artımın qeydə alındığı “SIEM” (Security information and event management) seqmentində müşahidə edilib. Eyni zamanda istehlak dərəcəli informasiya təhlükəsizliyi proqram vasitələri kateqoriyasında əhəmiyyətli - 5,9 faizlik azalma baş verib. 

İstehsalçılar arasında qüvvələr nisbətinə gəlincə, mədaxil baxımından informasiya təhlükəsizliyi proqram vasitələri bazarının lideri ümumilikdə "Symantec” olaraq qalır, halbuki şirkət satışda üçüncü ildir ardıcıl azalma qeydə alır. Bundan başqa, ötən il qeydə alınan azalma son üç ilin ən çox azalması olub.
2015-ci ildə informasiya təhlükəsizliyi üçün proqram təminatının satışı “Symantec” şirkətinə 3,35 milyard dollar qazanc gətirib ki, bu da əvvəlki nəticədən 6,2 faiz azdır. Nəticədə şirkətin bazar payı 15,2 faiz təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, "Symantec” mədaxilin 74 faizini 7 faiz azalan son qurğuların mühafizəsi üçün platformalar bazarında (Endpoint Protection Platforms, EPP) qazanıb. Məhz bu “Symantec”in gəlirlərinin azalmasının əsas səbəbi olub.

Reytinqdə ikinci yeri dünyanın ən qocaman mühafizə proqram vasitələri tərtibatçısı “McAfee” şirkətinə məxsus “Intel” tutub. ABŞ korporasiyası da mədaxilinin 75 faizə bərabər olduğu “EPP” seqmentində azalmadan zərər çəkib. Ötən il “Intel” informasiya təhlükəsizliyi üçün proqram təminatının satışından 1,75 milyard dollar gəlir əldə edib ki, bu da 2014-cü ildən 4,1 faiz azdır. Bununla yanaşı, şirkətin payı 7,9 faiz səviyyəsində olub.

Üçüncü yerdə qərarlaşan “IBM” ilk beşliyə daxil olmaqla artım nümayiş etdirən yeganə şirkətdir. Onun informasiya təhlükəsizliyi həlləri bazarında mədaxili 2,5 faiz artaraq 1,45 milyard dollar təşkil edib ki, bu da 6,6 faizlik bazar payına uyğundur.

Dördüncü və beşinci yerlərdə mədaxili müvafiq olaraq 5,9 və 5,3 faiz azalan "Trend Micro” və “EMC” şirkətləri yer alıb. Analitiklər onların informasiya təhlükəsizliyi üçün proqram təminatı bazarında ümumi mədaxilini müvafiq olaraq 990 və 756 milyard dollar qiymətləndiriblər.

Tədqiqatda qeyd olunur ki, 2015-ci ildə beş iri informasiya təhlükəsizliyi vasitələri tədarükçüsü  bazarın ümumi satış həcminin 37,6 faizini təmin edib ki, bu da 2014-cü ilin göstəricisindən 3,1 faiz azdır. Sahə üzrə liderlərin ümumi mədaxili 4,2 faiz azaldığı halda onların “digərləri” kateqoriyasında birləşən nisbətən kiçik rəqibləri 9,2 faiz səviyyəsində inamlı illik artım nümayiş etdiriblər.

Nizam Nuriyev 





15/07/16    Çap et