Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsində qalib olan tələbə startap layihələrinin təqdimatı keçirilib


Bu gün  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsində adıçəkilən ali məktəbin tələbələri tərəfindən hazırlanan və qrant müsabiqəsində qalib olmuş bir neçə layihənin təqdimatı keçirilib.
 
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı açılış nitqi ilə çıxış edərək universitetin Startap və İnnovasiya Mərkəzi haqqında məlumat verib. Çıxış edənlərdən Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək haqqında məlumat verib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov isə çıxışında müsabiqə çərçivəsində qalib gəlmiş startap layihələrə uğurlar arzulayıb və bu kimi innovativ təşəbbüslərin ölkənin İKT sektorunun inkişafına verəcəyi töhfənin önəmini qeyd edib.  O bildirib ki, Azərbaycan dövləti tərəfindən startapçılara verilən dəstək qeyri-neft sektorunun inkişafı üçün münbit ekosistemin yaradılması deməkdir.
 
Tədbirdə, həmçinin "Startap Azərbaycan" Hərəkatı, Qafqaz Universitetinin Texnoparkı, Memarlıq və İnşaat Universitetinin Biznes İnkubatoru, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes İnkubatoru və digər startap ekosisteminin üzvləri iştirak ediblər. Daha sonra universitetin qrant müsabiqəsində qalib olan "Comfortab" və "Magic Words" layihələrinin təqdimatları keçirilib. Sonda qrant müsabiqəsində qalib olan bir neçə layihə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları ilə təltif edilib.
 
Məlumat üçün bildirək ki, Fondun elan etdiyi son qrant müsabiqəsinə 121 layihə təqdim olunmuş, onlardan 112-si ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurasının qərarı ilə 29 layihə qalib elan olunaraq, ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.
 
Qeyd edək ki, Fond Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universitetində, regionlarda isə Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində biznes inkubatorlarının yaradılmasına dəstək verib. Bu kimi biznes inkubatorların və mərkəzlərin yaradılmasında əsas məqsəd gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorların yaradılmasına dəstək verir, həmçinin  mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir. 













04/11/16    Çap et