Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DeriaLock” adlı yeni fırıldaqçı proqram təminatı kompüterə girişi bloklayır


“G Data” şirkətinin eksperti Karsten Han tərəfindən aşkar edilmiş yeni fırıldaqçılar növü qurbanın kompüterinə girişi blok edərək 30 dollar məbləğində pul tələb edir.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “DeriaLock” adlı fırıldaqçı proqram təminatı kompüterin ekranını bloklayaraq fayl və proqramlara girişə imkan vermir. Sistemə düşən zərərli proqram təminatı idarəedici serverlə əlaqə yaradır və öz ən aktual versiyasını sorğulayır. Bundan sonra “DeriaLock” ekranı bloklayaraq pul tələbindən ibarət bildiriş və kompüteri yenidən yüklədikdə bütün məlumatların silinəcəyi barədə xəbərdarlıq göstərir.

Mesaj ingilis və alman dillərində göstərilir. İspan dilinə tərcümə seçimi mövcuddur, amma hazırda işləmir. Han “BleepingComputer” resursuna müsahibəsində deyib ki, “DeriaLock” xəbərdarlığı göstərən pəncərənin bağlanmasının qarşısını almaq üçün aşağıdakı prosesləri deaktiv edir: “taskmgr”, “procexp”, “procexp64”, “procexp32”, “skype”, “chrome”, “steam”, “MicrosoftEdge”, “regedit”, “msconfig”, “utilman”, “cmd”, “explorer”, “certmgr”, “control” və “cscript”. Bundan başqa, zərərli proqram təminatı ekran bloklamasını ləğv etmək üçün ALT+F4 kombinasiyasından istifadənin qarşısını alır. Belə cəhd aşkar edildikdə ekranda aşağıdakı mesaj göstərilir: "Bu səhv qərardır. Yaxşı cəhddir, dostum=)".

Emil Hüseynov





27/12/16    Çap et