Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni yüngül və möhkəm material yaradılıb


Massaçusets Texnologiya İnstitutunun alimləri qrafen və mürəkkəb həndəsi formalarla sınaqları davam etdirərək xarici görünüşünə görə mərcanları xatırladan yüngül və möhkəm materiallar yaradırlar. 

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, bu dəfə institutun tədqiqatçılar qrupu qrafen lopalarının sıxılması və əridilməsi - karbonun ikiölçülü forması vasitəsilə müasir dövrün ən möhkəm və yüngül materiallarından birini hazırlayıb. Yeni maddə cəmi 5 faizlik sıxlıq nisbətində poladdan 10 dəfə möhkəm məsaməli struktura malikdir.

Qrafen ən möhkəm ikiölçülü materiallardan biri kimi məşhur olsa da, tədqiqatçılar indiyədək bu xüsusiyyətləri üçölçülü strukturlara necə keçirmək barədə məlumatsız olublar. Aparılan tədqiqatlardan məlum olub ki, yeni materialın möhkəmliyinin əsas amili onun qeyri-adi üçölçülü konfiqurasiyasıdır ki, bu da gələcəkdə alimlərin onların strukturlarında eyni həndəsi prinsiplərdən istifadə etməklə daha möhkəm materiallar hazırlaya biləcəklərindən xəbər verir.

Məlumata görə, alimlər uzun müddətdir bu istiqamətdə çalışırlar, lakin praktikada laboratoriya sınaqları çox vaxt nəzəriyyəyə uyğun gəlməyib və digər tədqiqatçı qruplar kifayət qədər möhkəmliyə malik konstruksiyalar əldə edə bilməyiblər. “MIT” qrupu maddənin atom strukturunun analizini apararaq nəticədə yenidən mükəmməl model yaratmağa nail olub. İkiölçülü materiallar təkcə yüksək möhkəmliyə deyil, unikal elektrikötürmə xüsusiyyətlərinə malikdirlər, lakin nazikliyinə görə onlardan, məsələn, binaların tikintisində və ya böyük elektrik aparatlarının yaradılmasında istifadə qeyri-mümkündür. Lakin fiziklər böyük təzyiq və isitmə vasitəsilə kiçik qrafen lopalarını sıxaraq xarici görünüşünə görə mərcanları və ya mikroskopik yosunları xatırladan stabil, möhkəm struktur yaradıblar. Onun möhkəmliyinin sirri yüklənmənin bölüşdürüldüyü böyük səthdədir.  

Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Nizam Nuriyev







10/01/17    Çap et